Şriftin ölçüsü :

Saytın rəngi :

Kazan Mədəni Təşəbbüslər Fondunun tamaşası festivalda maraqla qarşılanıb

17 may 2018 | 07:05

“Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı artıq dördüncü gündür ki, tamaşaçıları bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində mayın 15-də Rusiyadan gəlmiş “Yaradıcı qrup” Kazan Mədəni Təşəbbüslər Fondu “Əlif” tamaşasını teatrsevərlərə təqdim edib.
Tamaşanın rejissoru Tufan İmamutdinov, xoreoqrafı Marsel Nuriyev, musiqi tərtibatçısı Nurbek Batulladır.
Tamaşaya başlamazdan əvvəl məlumat verilib ki, 1927-ci ildə tatar xalqının mədəniyyətində parçalanma baş verib. Əsasını ərəb hərfləri təşkil edən tatar əlifbası latınla əvəzlənib. 1939-cu ildə kiril əlifbasına keçən zaman isə 7 hərf əlifbadan çıxarılıb. Bunun nəticəsində tatar dili öz əvvəlki ahəngini itirib. Əvvəlki şairlərin əsərlərinin qafiyəsi, üslubu, forma və ritminin ilkin mənası pozulub.
Üç hissədən ibarət tamaşanın birinci hissəsində rəqs vasitəsilə tatar əlifbası ərəb hərfləri ilə yazılır, hərflər sadalanır. İkinci hissədə üç qız tatar şairi Qabdulla Tukayın “Ana dili” şeirini ifa edir. Birinci qız itirilmiş hərfi tələffüz edir, ikincisi sözü, üçüncüsü isə sətri oxuyur. Üçüncü hissədə qızlar Tukayın şeirini birlikdə ifa edirlər.
Tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Sonda kollektivə festivalın təşkilatçıları adından xatirə hədiyyəsi təqdim olunub.
Festival çərçivəsində mayın 16-da Gürcüstanın Muvement Teatrı V.Şekspirin “Fırtına” əsərini təqdim edəcək.

Keçidlər