Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Beynəlxalq Teatr Festivalında Şekspirin daha bir əsəri oynanılıb

18 may 2018 | 01:05

Gürcüstandan gəlmiş Muvement teatrı “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalının beşinci günündə, mayın 16-da tamaşaçılara V.Şekspirin “Fırtına” əsərini təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru İoseb Bakuradze, bəstəkarı Sandra Nikoladze, xoreoqrafı Laşa Robaqidzedir. Əsərin səhnə tərtibatı Kaha Bakuradzeyə, Sofiya Şariaya və Georgi Ninoşviliyə məxsusdur. Tamaşada əsas rolları Laşa Robaqidze, Anna Talakbadze, Tata Tavdişvili, Uça Mjavia və başqaları oynayıblar.
Əsərdə hadisələr İtaliyada baş verir. Prospero Milanın qanuni hersoqudur. Onun qardaşı Antonio hakimiyyəti ələ keçirir və Prosperonu qızı Miranda ilə birgə tənha bir adaya sürgün etdirir. Bu ada hava ruhu Ariel və çirkin kölə Kaliban tərəfindən işğal olunub. Prospero sehirli qüvvə vasitəsilə qızını və özünü qoruya bilir. Günlərin birində Neapol kralı Alonsonun gəmisi fırtınıya düşür və dalğalar gəmidə olan Alonso, Antonio, şahzadə Ferdinand və Trinkulonu Prospero və Mirandanın olduğu adanın sahillərinə gətirib çıxarır.
Teatrsevərlər tərəfindən maraqla qarşılanan tamaşanın sonunda kollektivə festivalın təşkilatçı qurumlarının diplomları təqdim olunub.
Beləliklə, beynəlxalq festivalın Şəki mərhələsi başa çatıb. Festivala mayın 19-da Bakıda yekun vurulacaq. Həmin gün Kolumbiyanın Akto teatrı paytaxt tamaşaçılarına Q.Q.Markesin “Məsum Erendira” əsərini təqdim edəcək.

Keçidlər