Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi anılmışdır

21 aprel 2013 | 15:00

Aprelin 20-də Şəki Mərkəzi Rayon Xəstəxanasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Zərifə işığında” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə foyedə görkəmli alimin həyat və fəaliyyətini əks etdirən guşəyə baxmışlar.
Səhiyyə işçilərinin, ziyalıların iştirak etdikləri konfransı xəstəxananın baş həkimi Məcid Əliyev açaraq bu günlər respublikanın hər yerində olduğu kimi, Şəkinin səhiyyə ocaqlarında da görkəmli ictimai xadim və oftalmoloq alim Zərifə Əliyevanın 90 illik yubileyi ilə bağlı silsilə tədbirlərin, konfransların keçirildiyini bildirmiş, alimin oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən söz açmışdır. Qeyd olunmuşdur ki, ölkəmizdə tibb elminin inkişafında əvəzsiz xidmətlərinə görə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə görkəmli alimin 90 illik yubileyi respublika səviyyəsində geniş qeyd olunur.
Konfransda xəstəxananın oftalmologiya şöbəsinin müdiri Gülnarə Məmmədovanın “Zərifə işığında” mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Təbiətin bəxş etdiyi nadir keyfiyyətlər, yorulmaq bilmədən çalışmaq əzmi onu hərtərəfli bir şəxsiyyətə çevirmişdir. Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür.
Qeyd olunmuşdur ki, yüksək mədəniyyəti, istiqanlılığı, qayğıkeşliyi, ehtiyacı olanın köməyinə çatmaq bacarığı Zərifə xanımın həyatının insanlara humanist xidmət nümunəsi kimi diqqəti cəlb edirdi. Hədsiz dərəcədə xeyirxah insan olan Zərifə Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alır, həyata və insanlara qarşı nikbin, xeyirxah və etimad ab-havası yaratmaq üçün çox çalışırdı.
Konfransda çıxış edənlər zəngin və mənalı ömür yolu keçmiş Zərifə Əliyevanın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişlər.

Keçidlər