Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilib
Mayın 24-də Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına həsr olunmuş müşavirə keçirilib.
"Əfqan" holdinqin ofisində keçirilən müşavirədə rayon rəhbərliyi, “Azərsu” ASC-nin, podratçı şirkətin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Müşavirədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasi ilə bağlı üçüncü mərhələdə aparılan işlər müzakirə olunub. Tərəflər su-kanalizasiya xəttlərinin çəkilişində üzləşdikləri problemlər barədə rayon rəhbərliyinə məlumat veriblər. Bildirilib ki, Şəkinin relyefi iş prosesinin ləngiməsinə səbəb olur. Həmçinin bəzi ərazilərdə xəttin çəkilişi sakinlərin həyətyanı sahələrinə düşdüyü üçün bu, narazılıqlara səbəb olur.
Məsələnin həlli üçün Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müvafiq qurumlara öz tapşırıqlarını verib. Həmin sakinlərlə maarifləndirmə işinin aparılacağı vurğulanıb. Həmçinin layihənin vaxtında yekunlaşması üçün zəruri bütün tədbirlərin görüləcəyi də qeyd edilib.
“Azərsu” ASC-nin rəsmisi də su-kanalizasiya xəttinin çəkilişinin üçüncü mərhələsinin tezliklə yekunlaşacağını vurğulayıb.
Sonda tədbir iştirakçıları su-kanalizasiya xəttinin çəkilişi üçün gətirilmiş yeni avadanlıqla da tanış olublar.