Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin 5 nömrəli tam orta məktəbində bir sinfin 7 şagirdi 600 baldan yuxarı nəticə göstərib

27 may 2018 | 05:05

Şəki şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin şagirdləri ali məktəblərə builki qəbul imtahanlarının birinci mərhələsində yüksək nəticə göstəriblər. Şəhərdəki 5 nömrəli tam orta məktəbin şagirdlərinin qəbul imtahanlarında əldə etdikləri nəticələr isə xüsusilə ürəkaçandır. Belə ki, bu il məktəbi bitirən 34 şagirdin hamısı ali məktəblərə qəbul imtahanlarında tələbə adını qazanmaq şansı əldə ediblər. Xüsusilə, məktəbin 11a sinfinin şagirdlərinin nəticələri çox sevindiricidir. Bu sinif üzrə qəbul imtahanlarında iştirak etmiş 20 şagirddən 7 nəfəri 600 baldan yuxarı nəticə göstərib.
AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhər 5 nömrəli tam orta məktəbin 11a sinfində dərs prosesində iştirak edib, şagirdlərlə söhbətləşib.
Sevda Əliyeva 7 ildir ki, bu sinfə rəhbərlik edir. Yetirmələrinin uğurlarından qürur hissi keçirdiyini vurğulayan sinif rəhbəri deyib: “Şagirdlərimin belə yüksək nəticə göstərmələrinin əsas səbəbi əzmkar olmaları, məktəbin daxili nizam-intizam qaydalarına ciddi əməl etmələri, müəllimləri tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmələri, təhsil sahəsində bir-biriləri ilə sağlam rəqabət aparmalarıdır. Şagirdlərimiz respublika fənn olimpiadalarında həmişə yüksək nəticələr göstərib, bilik yarışlarında müntəzəm olaraq iştirak ediblər. Yetirmələrimə həyatın keşməkeşli yollarında uğurlar arzulayır və inanıram ki, onlar məktəbimizin adını daha da yüksəklərə qaldıracaqlar”.
Qəbul imtahanında sinif üzrə hamıdan çox – 672 bal toplayan Aytac Hüseynli isə növbəti imtahanlarda daha yüksək nəticə qazanmaq əzmindədir. “Sinfimiz həmişə seçilib. Sinif yoldaşlarımız arasında olan rəqabət biliklərimizi artırmağa yaxşı təsir göstərir. Oxuduğum müddətdə bilik yarışları, müsabiqə və fənn olimpiadalarında iştirak edərək biliyimi daha da möhkəmləndirməyə çalışmışam. 2016-cı və 2018-ci illərdə keçirilən respublika fənn olimpiadalarında tarix fənni üzrə gümüş medala layiq görülmüşəm. Qəbul imtahanındakı nəticəmdən o qədər də razı deyiləm. 700 bal toplamağı qarşıma məqsəd qoymuşdum. Bu dəfə alınmadı. Çalışacağam ki, yay qəbul imtahanlarında daha yüksək nəticə əldə edim”, - deyə o bildirib.
Yüksək bal toplayanlardan biri də Elnur Məmmədovdur. O da Aytac Hüseynli kimi daha yüksək nəticə əldə etmək istəyir. İmtahanda 665 bal toplasa da, ikinci mərhələdə təkrar iştirak edərək, bu nəticəni daha da yaxşılaşdırmaq arzusundadır.
İmtahanda 655 bal toplayan Aysel Abdullayeva, Şahin Məmmədov, 652 bal toplamağa müvəffəq olan Cəlal Rəhmanov, Fərid Mustafayev, həmçinin 628 bal toplayan Sayalı Lətifova və digər şagirdlər onlara elmin sirlərini öyrədən müəllimlərə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 2012-ci ildə “Ən yaxşı ümumtəhsil məktəbi” respublika müsabiqəsinin qalibi olan 5 nömrəli tam orta məktəb Şəkinin qabaqcıl təhsil müəssisələrindən biridir. 1831-ci ildə Nuxa rus-tatar qəza məktəbi kimi fəaliyyətə başlayan bu qocaman təhsil ocağı Şuşadan sonra Qafqazda yaranan ikinci dünyəvi məktəbdir. Məktəbin zəngin təhsil ənənələri var. Azərbaycanın görkəmli mütəfəkkiri M.F.Axundzadə, Sabit Rəhman və neçə-neçə tanınmış elm və incəsənət xadimi, şair və yazıçılar vaxtilə bu məktəbdə təhsil alıblar.
Məktəbin direktoru Filyar İbrahimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu gün məktəb əvvəlki şöhrətini qoruyub saxlayır, təhsil ənənələrini davam etdirir. Hər il məktəbi bitirən məzunların 75-80 faizi ali məktəblərə qəbul olunur. Son 4 ildə məktəbin şagirdlərindən 6 nəfəri qızıl medala layiq görülüb, 5 şagird respublika fənn olimpiadalarında medal qazanıb. Ötən il məktəbin 28 məzunundan 24-ü ali məktəblərə daxil olub. Onlardan 6 nəfəri 600 baldan, 5 nəfər isə 500 baldan yuxarı nəticə göstərib.

Keçidlər