Şəkidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib
Mayın 25-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Marxal” müalicə-istirahət kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
Şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi təntənəli tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iştirakçıları bayram münasibətilə təbrik edib. O bildirib ki, may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 1918-ci il may ayının 28-də qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Dövlətin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, təhsilin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Qeyd olunub ki, Prezident cənab İlham Əliyevin 2017-ci il may ayının 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına əsasən cümhuriyyətin yaradılmasının 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi qərara alınmışdır. Nazirlər Kabinetinin bu il yanvarın 10-da keçirilən iclasında cənab İlham Əliyev 2018-ci ili ölkəmizdə “ Cümhuriyyət ili” elan etmiş və bununla bağlı müvafiq sərəncam imzalamışdı.
Vurğulanıb kı, cənab Prezidentimizin tövsiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsi ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. Bakıda “İstiqlal” abidəsinin ucaldılması, hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbulun keçirilməsi Prezident İlham Əliyevin tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramının göstəricisidir.
Sonra təntənəli bayram tədbiri yerli musiqi və rəqs kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı ilə davam edib.