Şriftin ölçüsü :

Saytın rəngi :

"TARİXİMİZİ ÖYRƏNƏK VƏ İRSİMİZİ QORUYAQ" ADLI LAYİHƏNİN İKİNCİ MƏRHƏLƏSİ FƏALİYYƏTƏ BAŞLADI

30 avqust 2012 | 15:00

29 avqust 2012-ci il tarixdə Şəki şəhərinin “Cənnət bağı” istirahət mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi Bakı Gənclər Klubu İctimai Birliyinin təşkilatçılığı ilə “Tariximizi öyrənək və İrsimizi qoruyaq!” adlı layihənin ikinci mərhələsinin icrasına başlanmışdır. Birinci mərhələdə olduğu kimi, bu layihədə də respublikanın ali məktəblərinin tələbələri arasından müsabiqə nəticəsində seçilmiş 140 nəfər gənc iki qrupa bölünərək yay düşərgəsində (avqust-sentyabr aylarında) istirahət etməklə yanaşı, Azərbaycan tarixini öyrənəcəklər. Layihədən məqsəd Alban tarixinə aid olan abidələr və onların vəziyyəti haqqında yeni məlumatlar toplamaq və gələcəkdə Azərbaycan tarixinin beynalxalq arenada təbliğ edilməsində əldə olunan materiallardan istifadə etməkdir.

İkinci mərhələ çərçivəsində Şəki ilə yanaşı, qonşu Qax, Zaqatala və Balakən rayonlarında yerləşən, əsasən də Alban tarixinə aid olan abidələrə də səyahətlər təşkil ediləcək və gələcəkdə bu abidələr haqqında kitabçalar yazılacaq, foto-sərgilər təşgil olunacaqdır.

Həmin məsələlər barədə məlumat verən Birliyin sədri Azər Cavadov bu layihənin dəstəklənməsinə görə Gənclər və İdman Nazirliyinə, Şəki Şəhər İcra Hakimiyyətinə, şəhər Gənclər və İdman idarəsinə təşşəkürünü bildirərək qeyd etmişdir ki, Azərbaycan gəncləri arasında tariximizin öyrənilməsinə və onların təbliğatçı kimi yetişdirilməsinə böyük ehtiyac var. Layihənin əsas eksperti Albanşünas tarixçi Vaqif Kərimov, tədqiqatçı alim Yunis Nəsibli və Alban abidələrinin Qarabağ bölgəsi üzrə araşdırıcısı, Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilovdur. Layihənin koordinatoru Yeganə Cavadova və Ruslan Quliyevdir.

Birliyin rəhbəri onu da qeyd etmişdir ki, Bakı Gənclər Klubu İctimai Birliyi 1994-cü ilin yanvar ayında təsis edilmiş və həmin ilin may ayında Ədliyyə Nazirliyi tərəfindən qeydiyata alınmışdır. Birliyin əsas məqsədi intelektual və fəal gəncləri öz ətrafında toplamaq və onların asudə vaxtlarının səmərəli təşkil edilməsinə nail olmaqdır. Bakı Gənclər Klubu Azərbaycan Respublikası Gənclər Təşkilatlarının təsiscisi və fəal üzvlərindən biridir və bu günə kimi bir sıra əhəmiyətli lahiyələr həyata keçirmişdir.

Keçidlər