Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik"
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın dövlət-din modeli bütün dünya üçün nümunədir. Bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 1-də Şəkidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən konfransın ikinci panelində səsləndirilib.
Tədbirdə Dövlət Komitəsinin və şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, Şəhər Ağsaqqallar Şurasının üzvləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, fəal gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransın təşkilatçı qurumlarının rəhbərləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, bu gün ölkəmizdə dövlət-din münasibətlərinin mövcud səviyyəsinin ən yaxşı model kimi qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət-din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Dövlət dini qurumlar və dini icmalar arasında münasibətlərin sağlam əməkdaşlıq və tolerantlıq əsasında qurulması işinə yardım edir. Azərbaycanda dünyaya nümunə ola biləcək tolerantlıq mövcuddur və müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, tolerantlıq mühitinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi ilə bağlı görülən işlər barədə geniş məruzə edib. Komitə sədri bildirib ki, bu günlər xalqımız çox əlamətdar tarixi hadisəni – Azərbaycanın tarixində çox mühüm və əhəmiyyətli yer tutmuş Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Cümhuriyyətin tarixinin öyrənilməsi və ictimaiyyətə çatdırılması çox vacib bir məsələdir. Demokratik Cümhuriyyətin quruculuğunda həyata keçirilən tarixi işlər sonrakı dövrlərdə də Azərbaycan xalqının inkişafına, tarixinə, mənəvi həyatına çox böyük təsir göstərib.
Komitə sədri deyib: “Cümhuriyyətin 100 illiyinin qeyd edərkən, eyni zamanda, AXC rəhbərlərinin o dövrdə həyata keçirdiyi siyasətin ayrı-ayrı istiqamətlərini də bir daha tarixi olaraq nəzərdən keçirmiş oluruq. Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik”.
Komitə sədri bildirib ki, Xalq Cümhuriyyəti dövründə Cümhuriyyətin siyasətində dövlət-din məsələləri çox əhəmiyyətli yerlərdən birini tutub. Bu da təsadüfi deyildi. Çünki Azərbaycanda Çar Rusiyasının süqutundan sonra müstəqil dövlət yaradılması istiqamətində fəaliyyətə başlanılanda daxildə qarşıdurma yaratmaq, ölkənin müstəqilliyinin qarşısını almaq üçün müxtəlif vasitələrə əl atılırdı. Bu vasitələrdən biri də məzhəblərarası qarşıdurma yaratmaq və bu məzhəbləri bir-biri ilə toqquşdurmaqla Azərbaycanın inkişafını ləngitmək idi. “Cümhuriyyətin qurucuları bunu yaxşı dərk edərək, o dövrdə xüsusi Dini Etiqad Nazirliyi yaratmışdılar. Şeyxülislamla müftini birləşdirən bu qurum Azərbaycan xalqını vahid ideya ətrafında toplayaraq bu cür təxribatların qarşısını almağa müvəffəq oldu”, - deyə Mübariz Qurbanlı bildirib.
Qeyd edilib ki, Xalq Cümhuriyyəti dövründəki dövlət-din modelində vahid din, vahid sistem, vahid idarəçilik dini azadlıq istiqamətində qurulub. Bu, çox önəmli bir nümunə olub və müsəlman dünyasında ən mütərəqqi modellərdən biri hesab olunub.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Oğuz bölgə qazısı Kamran Məmmədov və Şəki Şəhər Rayon Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev çıxış edərək, rayondakı mövcud dini durum barədə məlumat verib, din sahəsində zərərli ideyaların yayılmasının qarşısının alınmasında belə maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndiriblər.