Şəkidə baramaçılığın inkişafı məsələlərinə həsr olunmuş toplantı keçirilib
İyunun 6-da Şəki Şəhər İcra hakimiyyətinin akt zalında baramaçılığın inkişafı məsələlərinə həsr olunmuş toplantı keçirilib.
Toplantıda şəhər icra hakimiyyətinin məsul işçiləri, aidiyyəti idarə və təşkilat rəhbərləri, İHB-nın kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və kümdarlar iştirak etmişdir.
Toplantıda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə baramaçılığın inkişafı sahəsində görülən işlərdən danışmışdır. O qeyd etmişdir ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə son əsrlərdə əhalinin əsas məşğuliyyət sahələrindən biri də baramaçılıq olmuşdur. Rayonumuzda barama istehsalının artırılması da daim diqqət mərkəzində saxlanılır. Bu il rayonda 64 ton barama istehsalı nəzərdə tutulmuşdur. Bu məqsədlə yerlərdə kümdarların siyahıları dəqiqləşdirilmiş, kümxanalar təmir və dezinfeksiya edilmiş, gənc kümdarlar arasında maarifləndirmə işi aparılmışdır. Artıq barama qurdu toxumu paylanmışdır. Kumdarlara lazımi dəstək göstərilir.
Toplantıda rayonda bəslənilən barama qurdunun hazırkı vəziyyəti müzakirə edilmişdir. Bəzi kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr çıxış edərək bir sira çətinliklərin olduğunu diqqətə çatdırmışlar.
Şəhər İcra Hakimiyyətinin başçısı mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı müvafiq göstərişlər vermiş, rayonda baramaçılığın inkişafı məqsədilə qarşıda duran məsələlərlə bağlı təkliflərin hazırlanılmasını tapşırmışdır.