Bu il Şəki taxılçıları 225 min ton məhsul istehsal etməyi qarşılarına məqsəd qoyublar
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə bir neçə gündür arpa biçininə başlanılıb. Rayonun Turan qəsəbəsi, Kiçik Dəhnə, Şəkikənd, Cəyirli, Bolludərə, Suçma kəndlərinin ərazilərindəki təsərrüfatlarda ilk günlər 3,5 min hektara yaxın sahənin arpası biçilib, 10 min 577 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 30,4 sentner təşkil edir.
Cari mövsümdə rayonda 67 min 121 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 45 min 115 hektarı buğda, 22 min 6 hektarı isə arpa sahələridir. Biçin kampaniyasına 100-dən çox taxılbiçən kombayn, 300-dək yük maşını, traktor və qoşqu, həmçinin xeyli sayda küləşpresləyən aqreqat və digər texnika cəlb olunub.
Şəkili fermerlər builki mövsümdə taxıl sahələrindən 225 min ton məhsul götürməyi qarşılarına məqsəd qoyublar.