Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 15 İyun Milli Qurtuluş günü münasibətilə tədbir keçirilib

14 iyun 2018 | 01:06

İyunun 13-də Şəki Şəhər İcra Hakimiyyəti ilə Yeni Azərbaycan Partiyası Şəki Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.
    Şəki şəhər icra hakimiyyətinin akt zalında baş tutan tədbirdə əvvəlcə dövlət himni sələndirilib.
   Sonra Şəki Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov “Qurtuluş günündən başlanan böyük yol: tarixi şəxsiyyətlər yaradır” mövzusunda məruzə edib.
     Bildirilib ki, Azərbaycanın ən yeni tarixində 15 iyun günü xüsusi əhəmiyyət kəsb edir. Оna görə ki, 25 il əvvəl iyun ayının 15-də Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanı dağılmaqdan, ölkəmizi iflasdan, iqtisadi tənəzzüldən, xaosdan, özbaşınalıqdan xilas edərək inkişaf yoluna qədəm qoymaq üçün zəmin yaratdı.
     Qeyd olub ki, 1993 – cü ilin əvvəllərində ölkədə hakimiyyət tam iflic vəziyyətinə düşmüşdü. Partiyalar, ictimai – siyasi hərəkatlar, hətta ayrı – ayrı imkanlı şəxslər silahlı qruplar və qanunsuz silahlı birləşmlər yaradırdılar. Cəmiyyətdə müdafiəsizlik və sivil birgəyaşayışın mümkünsüzlüyü ovqatı kütləvi xarakter almışdı. Hamının nəzərləri Naxçıvana dikilmişdi.  Və nəhayət xalqın müqəddaratında “həqiqət anı” olacaq 1993 – cü ilin yayı gəldi. Həmin ilin iyun ayının 15 – də Heydər Əliyev Azərbaycanın Ali Sovetinin sədri seçildi və Azərbaycan tarixində Heydər Əliyev epoxasının ən dinamik, gərgin və səmərəli dövrü başladı. Beləliklə, Heydər Əliyev növbəti dəfə xilaskarlıq missiyasını üzərinə götürərək doğma xalqının köməyinə gəldi. Əgər 1969 – cu ildə onun birinci gəlişi Azərbaycana dirçəliş və çiçəklənmə gətirdisə, 1993 – cü ildə ikinci dəfə gəlişi isə Milli Qurtuluş günü oldu.
      Vurğulanıb ki, bu gün Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə prezidenti Cənab İlham Əliyevdir. Belə ki, cənab İlham Əliyevin hələ 2003 – cü ildə prezident kimi səlahiyyətlərinin icrasına başladığı ilk gündən hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil. Ölkə başçısının Ümummilli lider Heydər Əliyev siyasi xəttini yüksək səviyyədə davam və daha da inkişaf etdirməsi müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amil kimi çıxış edir. Bu gün respublikada yeni iş yerləri açılır, əhalinin sosial rifahı yüksəlir, dövlət büdcəsinin gəlirləri artırılır, Azərbaycan idxal edən ölkədən ixrac edən ölkəyə çevrilir. Regionların inkişafı və durmadan aparılan abadlıq və yenidənqurma işləri, təhsil sistemindəki islahatlar və uğurlu nəticələr, neft bazarındakı üstün mövqe, səhiyyə sisteminin müasir standartlara cavab verməsi, turizmin və idmanın inkişafı Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə, böyük siyasi xadimə çevirmişdir.
    Tədbirdə digər çıxış edənlər Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edib, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyduğunu, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrətinin daha da artdığını, müstəqil Azərbaycanın dünya birliyində öz layiqli yerini tutduğunu vurğulayıblar.
    Sonda «İpəkçi” qəzetinin 85 və “Şəkinin Səsi” qəzetinin 25 illik yubileyləri münasibətilə həmin qəzetlərin baş redaktoru Aydın Məmmədova Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təqdim olunub.

Keçidlər