Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına yenidən ev sahibliyi edəcək

27 iyun 2018 | 00:06

Şəki şəhərində iyunun 27-dən iyulun 1-dək Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
     AZƏRTAC xəbər verir ki, bu tədbir münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında təşkil edilmiş mətbuat konfransında festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun Sülh artisti, professor Firəngiz Əlizadə çıxış edib. O bildirib ki, Mədəniyyət Nazirliyinin və habelə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə çoxsaylı qonaqlar gözlənildiyi festivalda Azərbaycanı və digər ölkələri təmsil edən istedadlı musiqiçilər çıxış edəcəklər.
      F.Əlizadə vurğulayıb ki, builki festival çərçivəsində təşkil ediləcək UNESCO-nun Ənənəvi musiqi üzrə Beynəlxalq Şurasının elmi simpoziumunda dünyanın 10 ölkəsindən alimlər və ekspertlər iştirak edəcəklər. Burada Şəki şəhərinin tarixi və mədəniyyəti, dünya xalqlarının folklor musiqisinin qorunub saxlanması və təbliği məsələləri müzakirə olunacaq.
      Əməkdar İncəsənət xadimi, rejissor Hafiz Quliyev öz çıxışında qeyd edib ki, tamaşaçıları böyük sürpriz – dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operasının tamaşası gözləyir. H.Quliyev deyib: “Bu festival Azərbaycanın zəngin mədəniyyətini bütün dünyaya nümayiş etdirmək üçün əla fürsətdir. Qonaqlar bizim musiqimizlə və Azərbaycanın ən qədim guşələrindən biri olan Şəkinin tarixi-memarlıq abidələri ilə tanış ola biləcəklər. Əminəm ki, “Əsli və Kərəm” operası onlara güclü təsir bağışlayacaq”.
      Macarıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Mixalu Qruber, Yunus Əmrə İnstitutu nəzdində Mədəniyyət Mərkəzinin direktoru, doktor Cihan Özdəmir Firəngiz Əlizadədə təşəkkür edərək, əminliklə bildiriblər ki, “İpək Yolu” festivalı ən yüksək səviyyədə keçəcək.
     Yeri gəlmişkən, festivalda Macarıstanın və Türkiyənin musiqi kollektivləri də çıxış edəcəklər.

Keçidlər