Şriftin ölçüsü :

Saytın rəngi :

Qədim Şəkidə “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı başlayıb

29 iyun 2018 | 05:06

İyunun 27-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.
Mədəniyyət Nazirliyinin, Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, istedadlı ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın təntənəli açılış mərasimi “Marxal” müalicə-istirahət kompleksinin Yay Teatrında keçirilib.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq doqquzuncu dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.
Firəngiz Əlizadə deyib: “Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çox əlamətdar vaxtda keçirilir. 2018-ci il bir sıra yaddaqalan hadisələrlə zəngin olub. Prezident seçkiləri dövlətimizin başçısı İlham Əliyevin parlaq qələbəsi ilə nəticələnib. Ulu öndər Heydər Əliyevin 95 illiyi, dahi bəstəkar Qara Qarayevin 100 illiyi və nəhayət, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi möhtəşəm tədbirlərlə qeyd olunur. Festivalın proqramında da Vətənimizin tarixində iz qoymuş, ölkəmizin siyasi, iqtisadi, ictimai həyatına təsir edən, eləcə də Azərbaycanın hər bir vətəndaşı üçün mühüm əhəmiyyətə malik olan bütün bu hadisələrin mənzərəsini əks etdirməyə çalışmışıq”.
Bəstəkarlar İttifaqının sədri bildirib ki, builki festivalın proqramı olduqca rəngarəngdir. Festival çərçivəsində təşkil ediləcək UNESCO-nun Ənənəvi musiqi üzrə Beynəlxalq Şurasının elmi simpoziumunda dünyanın 10 ölkəsindən alimlər və ekspertlər iştirak edəcəklər. Burada Şəki şəhərinin tarixi və mədəniyyəti, dünya xalqlarının folklor musiqisinin qorunub saxlanması və təbliği məsələləri müzakirə olunacaq.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qədim mədəniyyət mərkəzlərindən olan Şəkinin beynəlxalq festivalların keçirilməsi üçün gözəl məkan olduğunu, onun “festivallar şəhəri” kimi tanındığını vurğulayıb. Qeyd edib ki, hər ilin yayında keçirilən və artıq ənənəyə çevrilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı Şəkinin mədəni həyatında çox böyük hadisədir və musiqisevərlərin yaddaşında gözəl xatirə kimi qalır. Dünya musiqi sənətinin parlaq incilərindən ibarət konsert proqramları, istedadlı sənətçilərin çıxışları festival iştirakçılarına xoş bayram ovqatı bəxş edir. Festival xalqımızın zəngin mədəniyyətinin, Şəkinin turizm potensialının təbliği baxımından da mühüm əhəmiyyətə malikdir.
Rəsmi hissədən sonra Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti olub. Məlumat verilib ki, kollektiv ilk dəfə 2004-cü ilin iyununda Prezident İlham Əliyevin Xudat Sərhəd Dəstəsinə səfəri zamanı çıxış edib. Həmin vaxtdan Hərbi Orkestr Dövlət Sərhəd Xidmətində, eləcə də respublikamızda keçirilən müxtəlif mədəni-kütləvi tədbirlərdə fəal iştirakı ilə seçilir.
Orkestrin repertuarına müxtəlif janrlı əsərlər – klassik, caz, estrada və populyar musiqi daxildir. Repertuarda vətənpərvərlik ruhunda mahnılara, habelə xalq və bəstəkar mahnılarına, o cümlədən Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev və digər bəstəkarların əsərlərinə xüsusi yer verilir. Nümunəvi Hərbi Orkestr dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb.
Orkestrin bədii rəhbəri və dirijoru mayor Səməd Vəkilovdur.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan konsert proqramının sonunda kollektivə festivalla bağlı xatirə hədiyyələri təqdim edilib.
Festival çərçivəsində iyunun 28-də günorta saatlarında Şəki xanları sarayının həyətində Şəkinin “Zirvə” ansamblının konserti olacaq.

Keçidlər