Şəki Sərhəd Dəstəsində “Valideyn günü” keçirilmişdir
Aprelin 24-də Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin qarnizonunda “Valideyn günü” keçirilmişdir.
Qarnizonda xidmət edən əsgərlərin valideynlərinin, yerli icra və bələdiyyə orqanları nümayəndələrinin, müharibə və əmək veteranlarının, kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdən əvvəl qonaqlara çay süfrəsi arxasında hərbi hissə barədə ümumi məlumat verilmişdir.
Sonra valideynlərlə əsgərlərin görüşü olmuşdur. Qonaqlar qarnizonda əsgərlər üçün yaradılmış xidmət və məişət şəraiti ilə yaxından tanış olmuşlar.
Şəki Sərhəd Dəstəsinin rəisi, polkovnik-leytenant Səmid Cəfərov çıxış edərək tədbirin məqsədi barədə məlumat vermişdir. Bildirilmişdir ki, Dövlət Sərhəd Xidməti Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığının təmin edilməsi üçün maddi-texniki bazanın gücləndirilməsi, müasir silah və texniki vasitələrlə təminat, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığının yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması xüsusi yer tutur.
Qeyd olunmuşdur ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə təlim-tərbiyə işinin səmərəliliyinin yüksəldilməsində, şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, hərbi kollektivlərdə sağlam mənəvi mühitin yaradılmasında valideynlərin rolunun artırılması məqsədilə hərbi qulluqçuların valideynləri ilə sıx əlaqələrin yaradılmasına xüsusi önəm verilir. Dövlət Sərhəd Xidmətində hərbi xidmətə başlayan hər bir əsgərin valideyninə məktub göndərilir, onlarla daim əlaqələrin saxlanılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hərbi hissədə və sərhəd bölmələrində “Valideyn günləri”nin keçirilməsini xüsusi qeyd etmək olar.
Hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Canbaxış Musayevin hissənin fəaliyyəti ilə bağlı məruzəsi dinlənilmişdir. Zalda quraşdırılmış monitorda Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısını, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafı, əldə olunmuş uğurları əks etdirən fotoslayd nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən əsgər valideynləri, veteranlar yaradılmış xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirmiş, sərhədçi əsgərlərə tövsiyələrini vermişlər.
Xidmətdə fərqlənmiş əsgərlərə fəxri fərman, döş nişanı, qiymətli hədiyyələr, hərbi qulluqçuların valideynlərinə isə təşəkkür məktubları təqdim edilmişdir.
Qonaqlar şəxsi heyətlə birgə nahar etmişlər.
Tədbir şəhər mədəniyyət şöbəsinin bədii özfəaliyyət kollektivinin hazırladığı maraqlı konsert proqramı ilə başa çatmışdır.