Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Şəkidə vətəndaşların müraciətlərini dinləyib
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 28-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində, Sabit Rəhman adına Dövlət Dram Teatrının binasında şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl M.Abbaszadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 20-dək sakinin, həmçinin bu rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən dövlət qulluğuna, ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul, ali təhsil müəssisələrinə ixtisas seçimi, sınaq və buraxılış imtahanları və digər məsələlərlə bağlı olub.
DİM-in Direktorlar Şurasının sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Araşdırılması zəruri olan bəzi məsələlər qeydiyyata alınıb və həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qurumun səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara göndərilmək üçün qeydiyyata götürülüb.