Şriftin ölçüsü :

Saytın rəngi :

Macarıstanın rəqs duetinin Şəki festivalında çıxışı maraqla qarşılanıb

30 iyun 2018 | 11:06

Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı üçüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində iyunun 29-da “Marxal” istirahət kompleksinin Yay Teatrında Macarıstanın Hajdara-Herczeg Hajnalka və Hajdara Tamas rəqs duetinin çıxışı olub.
Duetin çıxışından əvvəl məlumat verilib ki, Hajdara-Herczeg Hajnalka və Hajdara Tamas Macarıstanda keçirilən nüfuzlu xalq rəqs və musiqisi ifaçıları festivalının qalibidirlər. Onlar Macarıstanda “Xalq yaradıcılığının gənc sənətkarı” fəxri adına layiq görülüblər.
Rəqqasları əsasən Macarıstanın xalq musiqisi sənətinin ustad təmsilçilərindən ibarət “Magos” orkestri müşayiət edir. 2008-ci ildə yaradılmış bu kollektiv əsasən Macarıstanın Transilvaniya və Dunayətrafı bölgələrində yaşayan xalqlara mənsub musiqini ifa edir.
Rəqs duetinin və musiqi qrupunun ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim edilib.
Festival çərçivəsində iyunun 29-da axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində tamaşaçılara Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operası nümayiş olunacaq.

Keçidlər