Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə keçirilən “İpək Yolu” festivalında “Əsli və Kərəm” muğam operası oynanılıb

01 iyul 2018 | 04:06

Uğurla davam edən Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyunun 29-da axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” muğam operası açıq havada nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysteri Əməkdar Artist Elxan Mansurovdur (tar).
Tamaşada Əsli obrazını Rəvanə Əmiraslanlı, Kərəm obrazını isə Əməkdar Artist Elnur Zeynalov canlandırıblar. Muğam operada, həmçinin Dövlət Akademik Opera və Balet Teatrının xoru və solistləri iştirak ediblər.
Tamaşadan əvvəl məlumat verilib ki, “Əsli və Kərəm” dahi Üzeyir Hacıbəylinin beşinci muğam operasıdır. Əsərin librettosu bəstəkarın özünə məxsusdur. Qafqazda geniş yayılmış eyniadlı Azərbaycan xalq dastanının motivləri əsasında yazılan operada əsasən muğam və aşıq musiqisindən istifadə olunub. Üzeyir Hacıbəyli operaya yeni cizgilər – dastan əlamətləri daxil edib.
Tamaşaya şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, teatrsevərlər baxıblar.
Sonda təşkilatçılar adından kollektivin rəhbərinə festivalın rəmzi simvolu təqdim olunub.
Festivalın proqramına uyğun olaraq, iyunun 30-da günün birinci yarısında “Marxal” otelinin konfrans zalında Beynəlxalq Simpozium öz işini davam etdirəcək. Axşam saatlarında isə Yay Teatrında Qazaxıstanın Atırau şəhəri Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblının konserti olacaq.

Keçidlər