Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxıstanın “Murager” ansamblı Şəki “İpək Yolu” festivalında çıxış etmişdir

02 iyul 2018 | 04:07

 

Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının dördüncü günü, iyunun 30-da axşam səhnəyə Qazaxıstanın Atırau Dövlət Filarmoniyasının “Murager” mahnı və rəqs ansamblı çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Marxal” istirahət kompleksinin Yay Teatrında keçirilən konserti festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar və şəkili musiqisevərlər izləyiblər.
“Murager” ansamblı 2004-ci ildə Qazaxıstanın Atırau şəhərindəki M.Utemisov adına Dram Teatrının nəzdində yaranıb. Ansambl 2006-cı ildən Atırau Dövlət Filarmoniyasında Erjan Kitarovun bədii rəhbərliyi ilə fəaliyyət göstərir. Geniş qastrol coğrafiyasına malik olan “Murager” bir çox beynəlxalq və respublika səviyyəli müsabiqələrin laureatıdır. İsrail, Hindistan, Misir, Türkiyə, Qətər, Portuqaliyada keçirilən beynəlxalq festivallarda uğurla çıxış edən ansamblın repertuarına qazax xalq mahnıları ilə yanaşı, yerli və xarici bəstəkarların əsərləri də daxildir. Kollektivi fərqləndirən xüsusiyyətlərindən biri folklor nümunələrini müasir interpretasiyada təqdim etməsi və gənclərdə qədim qazax musiqisinə maraq oyatmasıdır.
“Murager” ansamblının Şəkidə təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin sonunda kollektivə festivalın rəmzi simvolu təqdim edilib.
Festival çərçivəsində iyulun 1-də günorta saatlarında Şəki xanlarının sarayının həyətində Türkiyə ansamblının konserti olacaq.

Keçidlər