Şəki xanlarının sarayının həyətində Türkiyə ansamblının konserti olub
Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının sonuncu günündə - iyulun 1-də günorta saatlarında tamaşaçılar Türkiyənin Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə festivalda iştirak edən TRT-nin Ankara və İstanbul Radiosunun solist və ansamblının konsertini izləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki xanlarının sarayının həyətində təşkil edilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, festivala dəvət olunan qonaqlar, musiqisevərlər, həmçinin Şəki ilə qardaşlaşmış Türkiyənin Konya şəhər Meram bələdiyyəsinin nümayəndə heyəti iştirak ediblər.
Ansamblın solisti İmran Koçun türk və Azərbaycan dillərində ifa etdiyi xalq mahnılarından ibarət musiqi çələngi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə müğənni bağlama musiqi alətində Cumali Kalkan və Okyay Kosegil, kamanda Cafer Nazlıbaş, ritm alətində Cemal Kablan tərəfindən müşayiət olunub.
Konsertin sonunda təşkilatçılar adından kollektivə festivalın rəmzi simvolu təqdim edilib.
İyulun 1-də axşam “Marxal” istirahət kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olacaq. Mərasimdə TÜRKSOY ölkələrindən olan solistlərin iştirakı ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri geniş konsert proqramı ilə çıxış edəcək.