Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib

03 iyul 2018 | 10:07

İyulun 2-də Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Şəhər-Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
    Tədbirdən əvvəl şəhər rəhbərliyi, şəhər polis orqanlarının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
    Şəki Dövlət Dram Teatrında baş tutan və şəhər ictimaiyyətinin nümayəndələrinin, polis əməkdaşlarının və veteranlarının iştirak etdiyi bayram tədbirində əvvəlcə dövlət himni sələndirilib.
    Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-si Azərbaycanda Polis Günu kimi qeyd olunduğunu bildirib. O qeyd edib ki, bu şərəfli tarix 1918-ci il iyulun 2-də Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində asayişi mühafizə dəstələrinin yaradılması ilə başlanmışdır. Həmin dövrdə polis  milli mənafelərin qorunmasında xüsusi rol oynamış, sovet hakimiyyəti illərində isə  böyük inkişaf yolu keçmiş, faşizmə qarşı müharibədə fəal iştirak  etmişdir.  Bu dövrün ən əhəmiyyətli mərhələsi Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur.
     Bildirilib ki, 1993-cü ilin iyununda Azərbaycana siyasi hakimiyyətə qayıdan Ulu Öndərimiz Heydər Əliyevinin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq polis vahid  hüquq mühafizə orqanı kimi formalaşmışdır.
     Qeyd olunub ki,  bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizə,  insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlir.
      Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonda ictimai asayişin  qorunmasında, cinayətkarlığa qarşı mübarizə və hüquqpozmalarına qarşı profilaktiki tədbirlərin görülməsində əhəmiyyətli rol oynadığını vurğulayan icra başçısı onları peşə bayramı münasibəti ilə təbrik edib.
    Sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun polis əməkdaşlarına ünvanladığı təbrik məktubu oxunub.
    Tədbirdə çıxış edən Şəki Şəhər-Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev müstəqillik illərində Azərbaycan polisinin keçdiyi inkişaf yolundan və əldə etdiyi nailiyyətlərdən danışıb. Şəki şəhərində ictimai asayişin  qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində aparılan işlərə toxunun natiq polis orqanlarına göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə öz təşəkkürünü bildirib.
     Sonra cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizlik və asayişin təmin olunmasında yüksək peşəkarlıq göstərərək fərqləndiklərinə görə Azərbaycan Polisinin yaranmasının 100 illiyi münasibətilə bir qrup polis əməkdaşı Şəki Şəhər İcra hakimiyyətinin başçısı tərəfindən Fəxri Diplomla təltif edilib, həmçinin həvalə edilmiş edilmiş xidməti vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsində xüsusilə fərqləndiyinə görə Şəki Şəhər-Rayon Polis şöbəsinin ayrı-ayrı xidmətləri üzrə “Ən yaxşı” fərqlənən əməkdaşları mükafatlandırılıb. Eyni zamanda Şəki Şəhər-Rayon Polis Şöbəsinin bir qrup əməkdaşının təltif olunması barədə Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb, Şəhər-Rayon Polis şöbəsinin rəisinin əmri ilə bir qrup əməkdaşa təşəkkür elan edilib.
   Tədbirdə Azərbaycan polisinin keçdiyi şərəfli inkişaf yolundan bəhs edən, həmçinin Şəki şəhərində ictimai asayişin  qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində aparılan işləri əks etdirən  videoçarx nümayiş olunub.
   Tədbir Şəki şəhərinin və respublikamızın tanınmış musiqi kollektivlərinin iştirakı ilə maraqlı konsert proqramı ilə başa çatıb.

Keçidlər