Şəkidə Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul və attestasiya imtahanları keçirilib
Dövlət İmtahan Mərkəzinin iyulun 10-da Şəki şəhərində keçirdiyi qəbul və attestasiya imtahanları uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçən və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan IX və XI sinif şagirdləri iştirak ediblər.
İmtahanlar Şəki şəhəri fizika-riyaziyyat və humanitar təmayüllü liseydə və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. İmtahanlarda ümumilikdə 1228 nəfər məzun və şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 9 imtahan rəhbəri və 116 nəzarətçi müəllim cəlb edilib.
AZƏRTAC-ın bölgə müxbiri Şəki şəhərindəki fizika-riyaziyyat və humanitar təmayüllü liseydə keçirilən imtahanların gedişini izləyib. İmtahan rəhbəri Samir Hüseynlinin bildirdiyinə görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, digər imtahan mərkəzində də imtahanlar mövcud təlimata uyğun aparılıb, heç bir qanun pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.