Şəkidə Çenobl qəzası qurbanlarının xatirəsi anılmışdır
26 aprel 2013-cü il tarixdə Şəki şəhər M.F.Axundov adına mədəniyyət evində Çernobil qəzasının 27-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbir Çenobl qəzası qurbanlarının xatirəsinin bir dəqiqəlik sütutla yad edilməsi ilə başlamışdır. Azərbaycan Çernobl Əlilləri İttifaqı İB Şəki şəhər təşkilatının sədri O.Həsənov tədbirdə geniş məruzə etmiş, sonra çıxışlar olmuşdur.
Bildirilmişdir ki, Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda 1986-cı il aprelin 26-da baş verən yanğın sonradan geniş şüalanmaya səbəb olmuşdur. Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioaktiv duman yaranmışdır. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənmişdir. Çernobil qəzasının nəticələrinin aradan qaldırılması işlərinə Azərbaycandan 7000 nəfərdən çox adam cəlb olunmuşdur. Minlərlə azərbaycanlı ömürlük xəsarətlər almışdır. Çernobl əlillərindən bəziləri artıq dünyalarını dəyişib, bir qismi isə yataq xəstəsinə çevrilmişdir. Şəkidə onların sayı hazırda 68 nəfərdir.
Çıxış edənlər Çernobl qəzasının ləğvində iştirak etmiş vətəndaşların problemlərinin həlli istiqamətində respublikamızda görülən işlərdən söz açmışlar. Qeyd olunmuşdur ki, Çernobl əlilləri dövlətin, xüsusən də Prezident cənab İlham Əliyevin diqqət və qayğısını hiss edirlər. Dövlət tərəfindən Çernobl əlillərinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, onların müalicəsi və reabilitasiyası istiqamətində bir çox işlər həyata keçirilmiş və bu işlər bundan sonra da ardıcıl davam etdiriləcəkdir. Bildirilmişdir ki, hər il müalicə məqsədilə 4826 nəfərə birdəfəlik sosial müavinət verilir, 1149 əlilin ailə və 1896 uşağına birdəfəlik müavinət ödənilir. 2792 nəfər əlilə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub. 2000-ci ildən 2013-cü ilədək olan müddətdə Çernobl əlillərinə 200-dən artıq mənzil verilib, 60-a yaxın əlil dövlət tərəfindən avtomobillə pulsuz təmin olunub.
Tədbirin sonunda Çernobl əlillərinin qarşılaşdığı problemlərlə bağlı sualları cavablandırılmış, həmin məsələlərin aidiyyəti dövlət orqanları ilə birgə həlli istiqamətində görülən işlər müzakirə edilmişdir.