Şəki tütün istehsalı və emalı məntəqəsi fermerlərdən 53 ton yaşıl tütün qəbul edib
Şəkinin tütünçülük təsərrüfatlarında bir neçə gündür “Virciniya” növlü ətirli tütünün yığımına başlanılıb. Yığılan yaşıl tütün kütləsi qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Emal məntəqəsi mövsümün ilk günlərində fermerlərdən 53 ton yaşıl tütün qəbul edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri Kamran Şərifov məlumat verib.
Müəssisənin rəhbəri bildirib ki, rayon üzrə məntəqəyə ilk olaraq Şorsu kəndindən Sənan Hüseynzadə 9,4 ton, Amil Səfərov 9 ton, Zabit Abduləzimov isə 3,3 ton yaşıl tütün təhvil veriblər. Tütünün qurudulması üçün məntəqədə 56 ədəd odla tütünqurutma kamerası var. Bütün kameralar mövsümə hazır vəziyyətdədir. Hazırda 6 kameraya qurudulmaq üçün tütün qoyulub.
Qeyd edək ki, builki mövsümdə şəkili fermerlər 877 hektar sahədə tütün yetişdirirlər. Əkin sahələrinin 649 hektarına “Virciniya” növlü ətirli tütün əkilib.