Şəkili sənətkar: “ABAD”la əməkdaşlıq sayəsində əl işlərim artıq xarici ölkələrə də yol tapıb
“ABAD”ın dəstək göstərdiyi şəkili sənətkarlardan biri də ömrünün yarısını dülgərlik və taxta oymaçılığı sənətinə həsr edən Elçin Kərimovdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kərimovlar Şəkidə yaxşı tanınan sənətkar ailələrindən biridir. Elçinin babası qalayçı olub. Atası Məmmədəli kişi isə ömrünün sonunadək dülgərlik sənəti ilə məşğul olub. 49 yaşlı Elçin Kərimov valideynlərindən miras qalan bu sənətlə gənc yaşlarından məşğul olmağa başlayıb. Özünün də qeyd etdiyi kimi, əvvəllər mətbəxdə işlənən məişət əşyaları hazırlamaqla ailəsinin dolanacağına kömək edib. Lakin sonralar bazarda belə əşyalara maraq azaldığından sənətkar fəaliyyət istiqamətini dəyişmək məcburiyyətində qalıb. O, artıq neçə illərdir taxtadan mozaika üslubunda müxtəlif suvenirlər hazırlamaqla məşğuldur. Əvvəllər əl işlərinin satışını Şəki şəhərində məhdud şəkildə təşkil edən Elçin Kərimov ailə biznesini genişləndirmək üçün “ABAD”a müraciət edib. Sənətkarın müraciəti qurum tərəfindən müsbət qarşılanıb. O, artıq bir ildir ki, “ABAD” ailəsinin ən fəal üzvlərindən biridir.
Sənətkar AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “ABAD”a qoşulmaq ailə biznesimizə çox böyük dəstək oldu. Əvvəllər əl işlərimi yalnız Şəki şəhərindəki “Yuxarı Karvansaray” mehmanxana kompleksinin birinci mərtəbəsindəki sənətkarlıq dükanlarında satırdım. “ABAD”la əməkdaşlıq sayəsində artıq əl işlərim bir sıra xarici ölkələrdə, o cümlədən ABŞ, İngiltərə, Rusiya, Çin və ərəb ölkələrində satışa çıxarılır. “ABAD” sənətimin inkişafı üçün mənə dövrün tələblərinə cavab verən, turistlər tərəfindən maraqla qarşılanan yeni dizaynlar təqdim edib. Qurumun sifarişi ilə hazırladığım şahmat taxtası, ədviyyat qabları, daxıl, şamdan və digər suvenirlərə hazırda çox böyük maraq var. İşimi yüngülləşdirmək məqsədilə “ABAD” tərəfindən mənə təmənnasız olaraq yeni, müasir dülgərlik dəzgahları da verilib. Avadanlığın ümumi dəyəri 3 min manata yaxındır”.
Sənətkarın bildirdiyinə görə, “ABAD”la əməkdaşlıqdan sonra hər ay ailə büdcəsinə 700-800 manata yaxın əlavə vəsait daxil olur.
“Burada əsas məsələ pul qazanmaq deyil. Çox arzulayırdım ki, əl işlərim xarici ölkələrə də göndərilsin, Azərbaycanımızı, Şəkimizi dünyaya tanıdaq. “ABAD”ın dəstəyi sayəsində artıq bu arzum reallığa çevrilib”,- deyə Elçin Kərimov bildirib.