Şəkidə Ulu Öndərin 90 illiyinə həsr olunmuş “Doğma Şəkim” adlı foto sərgi açılmışdır
Şəkidə xalqımızın ümummilli lideri, böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir.
Tədbirlər planına uyğun olaraq aprelin 29-da Şəki Dövlət Rəsm Qalereyasında gənc fotoqraf Elvin Qasımzadənin “Doğma Şəkim” adlı foto sərgisi açılmışdır.
Şəhər rəhbərliyinin, incəsənət həvəskarlarının iştirak etdiyi tədbirdə çıxış edən Şəki şəhər İH başçısının müavini Zərinə Cavadova ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına verdiyi dəyərli töhfələrdən, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs etmişlər. Qeyd olunmuşdur ki, gənc fotoqraf Elvin Qasımzadənin indiyədək respublikamızın müxtəlif şəhərlərində bir-neçə fərdi yaradıcılıq sərgisi açılmışdır. O. 2010-cu ildə gənc fotoqrafların “Mənim doğma Vətənim” adlı foto müsabiqənin, 2012-ci ildə isə “Yaşıl Festival” çərçivəsində keçirilən “Planetdə sənin qoyduğun iz” adlı Respublika foto müsabiqəsinin qalibi olmuşdur. Bildirilmişdir ki, fotoqrafın bütün əsərlərində doğma Vətənə, doğulub boya-başa çatdığı Şəki şəhərinə bağlılıq, sevgi və məhəbbət aydın hiss olunur.
Mərasimdə müəllif Elvin Qasımzadə çıxış edərək sərginin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmasının heç də təsadüfi olmadığını, məhz Ulu Öndərin gənc nəslin təlim-tərbiyəsinə göstərdiyi böyük diqqət və qayğının nəticəsində bu gün ölkəmizdə yaradıcı gənclərin qarşısında geniş imkanların açıldığını, onların öz istedadlarını nümayiş və inkişaf etdirmələri üçün hər çür şərait yaradıldığını xüsusi vurğulamışdır.
Daha sonra sərgiyə baxış olmuşdur. Sərgidə gənc fotoqrafın 125 foto əsəri nümayiş etdirilir. Sərgi bir ay davam edəcəkdir.