Şriftin ölçüsü :

Saytın rəngi :

Diaspor Gənclərinin I Yay düşərgəsinə yekun vurulub

29 avqust 2018 | 02:08

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsi Şəkidə işini uğurla başa çatdırıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən düşərgədə 37 ölkədən, o cümlədən ABŞ, Kanada, Yaponiya, Cənubi Koreya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İngiltərə, İndoneziya və digər ölkələrdən 140 fəal gənc iştirak edib.
Avqustun 22-də startı verilən yay düşərgəsinin proqramı xeyli rəngarəng olub. Düşərgənin avqustun 24-də təyin olunan rəsmi açılış mərasimində təşkilatçı dövlət orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Düşərgə müddətində diaspor gəncləri üçün peşəkar mütəxəssislərin iştirakı ilə “Mənim dilim” adlı təlimlər təşkil edilib, “Vətəni tanı” mövzusunda viktorina və yarışlar keçirilib. Yay düşərgəsində gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, diaspor mövzusu mediada, mədəni maarifçilik işi, idman və digər mövzularda ekspertlərin iştirakı ilə müzakirələr aparılıb. Düşərgənin proqramına vətənpərvərlik mövzusunda tədbirlər də daxil edilib. Gənclərə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat verilib. Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş soydaşlarımız və Aprel qaziləri ilə görüşlər də maraqlı və yaddaqalan olub.
Düşərgə müddətində gənclər qədim Şəkinin tarixi məkanları ilə də tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Avqustun 27-də axşam Şəki Olimpiya İdman Kompleksində Diaspor Gənclərinin I Yay düşərgəsinin bağlanış mərasimi olub. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Daşqın Rəcəbli və yay düşərgəsinin layihə rəhbəri Aytən Əliyeva çıxış edərək, düşərgənin işində fəal iştirak etdiklərinə görə, təşkilatçılar adından layihənin iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Yekun olaraq, Diaspor Gənclərinin I Yay düşərgəsinin Bəyannaməsi, həmçinin Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsinin və Diaspor Gəncləri Könüllülərinin qətnamələri qəbul edilib.
Bağlanış mərasiminin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunub.

Keçidlər