Dövlət yol polisi uşaq bağçalarinda maarifləndirmə tədbirlərini davam etdirir
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Münasibət oğlu Niftalıyev uşaqlar gələcəkdə yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəsinlər deyə, onlarda indidən küçə hərəkəti qaydalarının öyrənilməsinə həvəs və marağın artırılması məqsədilə rayonun məktəbəqədər təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti tədbirlərdən biri də, 28 avqust 2018-ci il tarixdə Şəki şəhəri 22 saylı körpələr evi-uşaq bağçasında keçirilmişdir. Tədbirdə, məktəbəqədər təhsil müəssisəsində təhsil alan uşaqların valideynlərindən də, bir neçəsi iştirak etmişdir.
Tədbir zamanı, uşaqlara əyani vasitələrdən istifadə etməklə avtomobil, piyada, küçə, yol, səki, svetofor, piyada keçidi və digər anlayışlar barədə ətraflı məlumatlar verilmişdir. Eləcə də, uşaq bağçasının rəhbərliyi, tərbiyəçiləri və tədbirdə iştirak edən valideynlərə tövsiyyə edilmişdir ki, uşaqların məktəblilər tərəfindən bağçalara ötürülməsinə imkan verilməsin. Uşaqlar bağçalara ancaq valideynlər tərəfindən aparılmalıdır. Valideynlər özləridə qaydalara əməl etməlidirlər. Belə ki, uşağı aparan valideyn uşağın əlindən tutmalı, səkilərlə hərəkət etməli, səki yoxdursa küçənin tam kənarı ilə, yollarda isə ehtiyat hissə ilə hərəkət etməlidir. Uşaqlar valideynlərin nəqliyyat axını olmayan tərəfdə olmaqla əlindən tutmalıdırlar. Valideynlər yaxınlaşan nəqliyyatın hərəkətinə qarşı diqqətli olmalıdırlar.
Valideynlərə tövsiyyə olunmuşdur ki, azyaşlı uşaqları küçə və yollara nəzarətsiz buraxmasınlar. Velosiped və ya arabacıqlar sürmək üçün, topla oynamaq üçün nəqliyyat olmayan yerlərdən, qapalı ərazilərdən istifadə olunsun.
Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyev, bu cür maarifləndirmə tədbirlərinin rayonun bütün məktəbəqədər təhsil müəssisələrində mütəmadi olaraq davam etdiriləcəyini qeyd etmişdir.
Tədbirdə, ARB televiziyasının çəkiliş qrupuda iştirak etmişdir. 22 saylı körpələr evi-uşaq bağçasının müdiri, xanım Ruziyə Mahmudova televiziya kanalına müsahibə verərək, DYP-nin keçirdiyi bu cür maarifləndirmə tədbirlərini yüksək qiymətləndirdiyini qeyd etmişdir.
Tədbirin sonunda, xanım Ruziyə Mahmudova, Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Tural Niftalıyevə bu cür maarifləndirici tədbirin keçirilməsinə görə minnətdarlığını bildirmişdir.