Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 3 saylı uşaq bağçası üçün tikilən yeni bina istifadəyə verilib

01 sentyabr 2018 | 03:09

Şəki şəhərində 3 saylı uşaq bağçası üçün tikilən 40 yerlik binanın açılış mərasimi keçirilib. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, şəhər rəhbərliyi və sakinlər iştirak ediblər.
Şəhərin “Yuxarı baş” məhəlləsində, Bəxtiyar Vahabzadənin yeni yaradılan ev-muzeyinin yaxınlığında inşa edilən ikimərtəbəli binanın tikintisinə 2016-cı ilin dekabrında başlanılıb.
Valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev və şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, son illər ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıblar. Bildirilib ki, ölkəmizdə uşaqlar daim qayğı ilə əhatə olunublar. Ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun bilavasitə diqqət və qayğısı sayəsində Azərbaycanda uşaqların qayğısız və firavan böyümələri, sağlamlıqlarının qorunması, təhsili, təlim-tərbiyəsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Yeni-yeni məktəb binalarının, uşaq bağçalarının istifadəyə verilməsi gələcəyimiz olan uşaqlara diqqət və qayğının bariz nümunəsidir.
Məlumat verilib ki, uşaq bağçası əvvəllər Xalq şairi Bəxtiyar Vahabzadənin bağça üçün bağışladığı şairin ata yurdunda fəaliyyət göstərirdi. Dövlətimizin başçısının tapşırığına əsasən, uşaq bağçasında şairin ev-muzeyinin yaradılması ilə əlaqədar bağça üçün həmin ərazidə geniş yer ayrılıb və Mədəniyyət Nazirliyi tərəfindən orada müasir standartlara uyğun ikimərtəbəli yeni bina tikilib istifadəyə verilib.
Sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Binada qrup otaqları, idman və musiqi zalları, mətbəx, tibb və inzibati otaqlar yerləşir. Bütün otaqlar lazımi inventar və avadanlıqla təchiz edilib.

Keçidlər