Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərin şəhər ictimaiyyətinə təqdim olunması münasibətilə tədbir keçirilib

05 sentyabr 2018 | 04:09

Sentyabrın 3-də Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksində yerləşən “Nuxa” restoranında ali məktəblərə builki qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclərin şəhər ictimaiyyətinə təqdim olunması münasibətilə tədbir keçirilib.
     Süfrə arxasında keçirilən tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, təhsil işçilərini, valideynlər  iştirak etdiblər.
    Tədbiri giriş sözü ilə açan şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova şəkili məzunların qazandıqları uğurlar barədə danışıb. Bildirilib ki, ali məktəblərə qəbul imtahanları Şəki məzunları üçün olduqca uğurlu olub. Bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1279 nəfər şəkili məzundan 880 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 215 nəfəri 500 baldan, o cümlədən 81 nəfər 600 baldan yuxarı nəticə göstərib. Məzunlardan 43 nəfərinin nəticəsi 650 baldan yuxarı olub.
    Qeyd olunub ki, builki qəbul imtahanlarında Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova ən yüksək nəticə əldə edərək 700 bal toplayıb. Həmin liseyin daha bir məzunu Yusif Xəlilli və şəhər 11 saylı tam orta məktəbin məzunu Aytən Xəlilova 695 bal, Şəki şəhər 5 və 7 saylı tam orta məktəblərin məzunları Aysel Abdullayeva və Fərid Məmmədov isə qəbul imtahanlarında 690 bal toplamağa müvəffəq olublar.
    Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov tələbə adını qazanmış gəncləri və onların valideynlərini təbrik edib. İcra başçısı son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Bildirilib ki, bütün bunlar Prezident İlham Əliyevin, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil işçilərinə hərtərəfli qayğısının nəticəsidir.
Sonra 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclər şəhər ictimaiyyətinə təqdim olunub.
    Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.

Keçidlər