Şəkinin tütün qəbulu məntəqəsi hər gün fermerlərdən 60-65 ton yaşıl tütün kütləsi qəbul edir
Şəki rayonunun təsərrüfatlarında tütün yığımı mütəşəkkil şəkildə davam edir. Dərilən yaşıl tütün kütləsi qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Emal məntəqəsi bu günədək fermerlərdən 2780 ton yaşıl tütün qəbul edib. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 250 ton quru tütün istehsal olunub.
Emal məntəqəsinin müdiri İsrafil Səfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son günlər tütün yığımı xeyli sürətlənib. Hər gün məntəqəyə orta hesabla 60-65 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.
Müəssisə rəhbərinin sözlərinə görə, Cumakənd sakini, fermer Əbülfət Səfərov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 315 ton yaşıl tütün təhvil verib. Baş Göynük kəndindən Vüqar Məmmədov emal məntəqəsinə hələlik 109 ton yaşıl tütün gətirib. Şorsulu fermer Elxan Hacıəliyevin də məntəqəyə təhvil verdiyi yaşıl tütün kütləsi artıq 100 tona yaxınlaşır.
Xatırladaq ki, builki mövsümdə şəkili fermerlər 877 hektar sahədə tütün yetişdiriblər. Əkin sahələrinin 649 hektarına “Virciniya” növlü ətirli tütün, qalan sahələrə isə yerli tütün sortları əkilib.