Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Veteranlar Təşkilatının sədri Şəki şəhərində olub

21 sentyabr 2018 | 02:09

Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov 18-19 sentyabr 2018-ci il tarixdə Şəki şəhərində olub.
      Veteranlar Təşkilatının sədrini təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və “Azərbaycan Vereranı” qəzetinin baş redaktoru Ülvi İbrahimli müşayiət edib.
     Sentyabrın 19-da general-polkovnik Tofiq Ağahüseynov Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb.
      Respublika Veteranlar Təşkilatının sədrini salamlayan icra başçısı ölkəmizin ictimai-siyasi həyatında, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirakına görə general-polkovnik Tofiq Ağahüseynova təşəkkür edib və ona cansağlığı arzulayıb.
      Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov doğma Şəkidə olmağından məmnun olduğunu bildirib, Böyük Vətən müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşdığına,  onların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərə görə icra başçısına təşəkkür edib.
   Sonra Respublika Veteranlar Təşkilatının adından Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubova “General Səməd bəy Mehmandarov” yubiley medalı və “Veteranların qayğıkeşi” diplomu təqdim olunub.
    Səfər çərçivəsində general-polkovnik Tofiq Ağahüseynov və onu müşayiət edən şəxslər Şəki və ətraf rayonların veteran təşkilatlarının nümayəndələri ilə görüşüb, Fransa Müqavimət Hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılovun Şəkidəki ev-muzeyi ilə tanış olublar.

Keçidlər