Şəkinin Köbər Zəyzid kəndində səyyar qəbul keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sentyabrın 20-də Şəkinin Köbər Zəyzid kəndinin sakinləri ilə görüşüb. Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkidə aparılan abadlıq quruculuq işləri, həmçinin həyata keçirilən layihələr barədə məlumat vermişdir.
Kənd sakinləri Aygün Mustafayeva, Nizaməddin Kərimov, Baxış Həmzətov, İsmayıl Hüseynov, Adil Məmmədağayev və başqaları çıxış edərək kəndin yeni yaşayış massivinə təbii qaz xəttinin çəkilməsinə, kəndlərarası elektrik hava xətlərində xətt ayrıcıların quraşdırılması və yararsız elektrik dirəklərinin dəyişdirilməsinə, əkin sahələrinin suvarılması üçün artezian quyularının qazılmasına, EATS quraşdırılmasına, kənddə uşaq bağçası olmadığından yeni məktəbəqədər tərbiyə müəssisəsinin yaradılmasına köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər.
Görüşün sonunda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək qaldırılmış məsələlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirmiş, qarşıda duran vəzifələr barədə danışmışdır.