Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-in Şəkidə olmuşdur
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-in Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) maliyyə dəstəyi ilə həyata keçirilən “Kəhriz bərpası layihəsi” çərçivəsində görülən işlərlə yerində tanış olmaq məqsədi ilə Şəkiyə səfər etmişdir.
Səfər çərşivəsində səfir Çoi Suk-in və onun başçılıq etdiyi nümayəndə heyəti əvvəlcə “Yuxarı Karvansara” mehmanxana kompleksində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür. Qonaqlara Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, turizm potensialı barədə ətraflı məlumat verilmişdir.
Koreyalı diplomat səfərin layihə çərşivəsində görülən işlərlə daha yaxından tanış olmaq, habelə başlanılacaq yeni layihənin detallarını müəyyənləşdirmək məqsədi daşıdığını bildirmişdir.
Səfirə Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Sonra səfir Çoi Suk-in və şəhər icra hakimiyyətinin məsul nümayəndələri rayonun Şirinbulaq kəndinə gələrək KOİCA-nın maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin (BMqT) icra etdiyi “Kəhriz bərpası layihəsi” çərçivəsində görülən işlərlə tanış olmuşlar. Bildirilmişdir ki, bu kənddə əvvəllər demək olar ki, daimi su mənbəyi olmamışdır. Ona görə də əhali suyu kənardan almaq məcburiyyətində qalmışdı. Kəhrizin bərpası başa çatdıqdan sonra hazırda kəndin əhalisi gün ərzində içməli sudan istifadə edir.
Daha sonra Koreya səfiri rayonun Daşbulaq kəndinə gələrək növbəti layihədə bərpa edilə biləcək kəhrizlərə baxmışdır.