Şəki Şəhər İcra Hakimiyyətinin başçısı IX Azərbaycan-Rusiya Regionlararası Forumda çıxış edib
Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər və çıxış ediblər.
Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılışı mərasimi plenar iclasla davam edib.
Plenar iclasda Şəki Şəhər İcra Hakimiyyətlərinin başçısı Elxan Usubov çıxış edərək təmsil etdiyi Şəki şəhərinin iqtisadi, turizm imkanları, mədəniyyəti haqqında məlumat verib, regionlar arasında əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, şəhər icra hakimiyyəti tərəfindən Şəkinin turizm potensialının beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm işlər görülür.
Bildirilib ki, 2017-ci il noyabrın 1-də Şəki şəhəri YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “sənətkarlıq və xalq yaradıcılığı” tematikası üzrə daxil edilib. Hazırda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhərin bir hissəsini əhatə edən “Yuxarı Baş” Tarix-Memarlıq Qoruğunun YUNESKO -nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində iş aparılır.
İcra başçısı şəhərin turizm potensialını görmək və təcrübə mübadiləsi aparmaq üçün maraqlı tərəfləri Şəkiyə dəvət edib.
Sonra Azərbaycanın və Rusiyanın şirkətləri və biznes təşkilatları arasında sənədlərin imzalanması mərasimi olub. Plenar iclasda “dəyirmi masa”ların moderatorlarının hesabatı dinlənilib. Bununla doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumu başa çatıb.