Şriftin ölçüsü :

Saytın rəngi :

“İdeyadan Biznesə” layihəsi çərçivəsində ilk innovasiya düşərgəsi Şəkidə təşkil olunub

03 oktyabr 2018 | 02:10

“İdeyadan Biznesə” layihəsi çərçivəsində sentyabrın 28-30-da Şəki şəhərində yerli və xarici texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin, investor və startapçıların iştirakı ilə “İnnoCamp” adlı innovasiya düşərgəsi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Microsoft” və “Azercell” şirkətləri ilə birgə Şəki şəhərindəki “Marxal” otelində həyata keçirilən innovativ düşərgə 3 gün davam edib.
Düşərgənin təşkilində əsas məqsəd yerli və xarici texnoparkların, eləcə də innovasiya mərkəzlərinin mütəxəssislərinə təlimlər keçərək yeni biliklər aşılamaq və qarşılıqlı təcrübə mübadiləsinə şərait yaratmaqla startap ekosisteminin inkişafına dəstək verməkdir.
İnnovasiya düşərgəsi iştirakçılara əlaqələrini genişləndirmək və yeni əməkdaşlıq qurmaq üçün platforma rolu oynayıb. Gələcəkdə düşərgənin ənənəvi olaraq hər il keçirilməsi nəzərdə tutulur.
“İnnoCamp”in ilk iş günü – sentyabrın 28-də Şəki şəhəri üzrə startap turu təşkil edilib. Tədbirdə "AIESEC in Azerbaijan"nın nümayəndələri tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması məsələləri ilə bağlı təlim keçirilib. Təlimdən sonra peşəkar mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət 7 komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda “Kanvas” modelinə əsasən, biznes sxemləri hazırlanıb. Qeyd edək ki, bu model sadə olduğu üçün sahibkarlıq sahəsində iş planlarının hazırlanmasında çox mühüm yer tutur.
Daha sonra komandalar 3 dəqiqə ərzində öz layihələrini münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər layihələri “İdeya”, “İnnovasiyalar”, “Texnologiyalar” və “Mümkünlük” istiqamətləri üzrə qiymətləndiriblər.
Startap turuna təqdim etdiyi qlobal layihə ilə digərlərindən fərqləndiyi üçün Vüqar Abdullayevin “İnformasiya sistemlərinin gücləndirilməsi” layihəsinin əlavə mütəxəssislər cəlb edilməklə xüsusi qiymətləndirilməsi qərara alınıb. Bundan əlavə, bir neçə sosial ideyası ilə startap turunun ən təşəbbüskar üzvü olan Aytac Əhmədova layihəsini təkmilləşdirmək şərti ilə Gəncə şəhərində keçiriləcək startap turuna dəvət edilib.
Müsabiqədə “Şəhər tur”, “Walking business” və “shekide.com” layihələri müvafiq olaraq ilk üç yeri tutub. Tədbirin yekununda qaliblər mükafatlandırılıb və onlar Bakıda keçiriləcək Milli Finalda iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, Milli Finalda qalib gələcək ilk üç yerin sahibi təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, 24-cü “Bakutel” Beynəlxalq telekommunikasiya, innovasiya və yüksək texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da qazanacaqlar.
Qaliblər sərgi-konfransın keçiriləcəyi tarixədək layihələrinin prototipini hazırlamalıdırlar.
Sentyabrın 29-30-da “İnnoCamp” düşərgəsi öz işini yerli və xarici texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin, investor və startapçıların təqdimat, çıxış və müzakirələri ilə davam etdirib. İnnovasiya düşərgəsində Vyetnam, Qazaxıstan, Gürcüstan, Maldiv adaları və digər ölkələrdən mütəxəssislər iştirak ediblər.
Tədbirdə geniş təqdimatla çıxış edən “Microsoft” şirkətinin MDB ölkələri üzrə təhsilin inkişafı missiyasının rəhbəri Nurlan Zanibək Azərbaycanda innovasiyaların inkişafı üçün münbit şəraitin yaradıldığını bildirib. Ölkəmizdə belə layihələrin miqyasını daha da genişləndirmək imkanı olduğunu vurğulayan N.Zanibək bu sahədə yol xəritəsinin hazırlanması üçün dəstək göstərə biləcəklərini diqqətə çatdırıb. Missiyanın rəhbəri azərbaycanlı startapçıları təmsil etdiyi şirkət tərəfindən 76 ölkədə keçirilən ideya yarışlarında (“Hackathon”) fəal iştiraka dəvət edib.
“Microsoft-Azərbaycan”ın rəhbəri Sərxan Həşimov çıxış edərək, “Microsoft” tərəfindən beynəlxalq səviyyədə təşkil olunan “Imagine Cup” beynəlxalq innovasiya müsabiqəsinin “İdeyadan Biznesə” layihəsi çərçivəsində dəstəklənəcəyini bildirib.
İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxışında qeyd edib ki, “İdeyadan Biznesə” layihəsinin əhatə dairəsi daha da genişləndirilib. Diqqətə çatdırılıb ki, innovasiya ekosisteminin inkişaf etdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlaqələndiricisi olduğu İKT sahəsində İnvestorlar Klubu da yaradılıb. “İnnoİnvest” adlanan bu klub ölkəmizdə İKT sahəsində sahibkarlığın inkişafı, bu sahəyə özəl sərmayələri cəlb etməklə büdcə xərclərinin azaldılması, investisiya mühitinin yaxşılaşdırılması və özəl sərmayələrin düzgün istiqamətləndirilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi-tədqiqat işlərinin, eləcə də innovasiyaların tətbiqinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
“İnnoİnvest” İnvestorlar Klubu sayəsində investorlar perspektivli İKT layihələrinə sərmayə yatırmaqla yüksək gəlir əldə etmək, innovativ layihələrdə bir neçə investorla bir araya gələrək ortaq fond yaratmaq, həmçinin dövlətdən dəstək almaq kimi imkanlar əldə edə biləcəklər. Perspektivli startap layihələri isə investorlarla birbaşa görüşmək, startaplar üçün daha sərfəli şərtlərlə investisiya əldə etmək imkanı qazanacaqlar.
Düşərgə iştirakçıları üçün Şəki şəhərinin tarixi məkanlarına ekskursiyalar da təşkil olunub.
Sonda düşərgənin fəal iştirakçılarına sertifikatlar təqdim edilib.

Keçidlər