Şəkidə birinci rübün yekunları geniş müzakirə olunmuşdur
2013-cü ilin birinci rübündə Şəki rayonunda faktiki qiymətlərlə 70 milyon 859 min manatlıq məhsul buraxılmışdır. Bu, 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz çoxdur. Birinci rübdə istehsal və qeyri istehsal sahələrinin inkişafına yönəldilmiş investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artaraq 23 milyon 378 min manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 94 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmiş, rüb ərzində 489 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilməklə, yardım alan ailələrin sayı 2073-ə çatmışdır. Birinci rübdə rayonda 332 yeni, daimi iş yeri açılmışdır.
Bu faktlar Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və cari ilin birinci rübündə rayonda görülmüş işlərlə bağlı mayın 2-də Şəki Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə hesabat məruzəsində səsləndirilmişdir.
Qeyd olunmuşdur ki, ilin birinci rübündə kənd təsərrüfatında məhsul istehsalının artırılması, özəl bölmənin daha da genişləndirilməsi diqqət mərkəzində saxlanılmış, taxılçılığın, heyvandarlığın, meyvəçiliyin, üzümçülüyün inkişafı üçün bir sıra tədbirlər görülmüşdür. Cari ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 82 min 266 hektar sahəyə aqrotexniki qulluq olunmuş, sahələrə yemləmə gübrəsi verilmişdir. Rüb ərzində 1685 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir və bu iş davam etdirilir. Ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə rayon ərazisində yaşıllaşdırma işlərinə başlanılmış, rüb ərzində magistral avtomobil yollarının kənarlarında, boş ərazilərdə, qəsəbə və kəndlərdə 40 minə yaxın ağac əkilmişdir.
Bildirilmişdir ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq 34 kilometr uzunluğu olan Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun tikintisi davam etdirilmiş, yolun 17 kilometrlik hissəsinə asfalt örtüyü çəkilmişdir.
Birinci rübdə Turan qəsəbəsinə və Bideyiz kəndinə təbii qazın verilişi təmin edilmiş, 223 yeni mənzilə qaz xətti çəkilməklə abonentlərin ümumi sayı 19 min 622-ə çatdırılmışdır. Şəhərin yeni yaşayış məhəlləsinin və Baş Zəyzid kəndinin qazlaşdırılması işlərinə başlanmışdır.
Qeyd olunmuşdur ki, ilin birinci rübündə ötən ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş şəhərdəki 12 və 14 saylı məktəblər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa edilən yeni binalar istifadəyə verilmiş, 17 saylı məktəbin yeni binasının, habelə dövlət vəsaiti ilə şəhər təhsil şöbəsi üçün yeni inzibati binanın, Əlyar kəndində ümumi orta məktəbi üçün 80 şagird yerlik yeni binanın tikintisi davam etdirilmişdir. Aşağı Layısqı kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisi, habelə şəhərdəki 8 saylı liseydə aparılan əsaslı təmir işləri başa çatmışdır.
Hesabat məruzəsində, həmçinin 2013-cü ilin birinci rübündə əhalinin elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlər qeyd olunmuş, qarşıda duran vəzifələrə toxunulmuşdur.