Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Oftalmologiya Mərkəzinin Şəkidə keçirdiyi aksiyada 10 xəstə əməliyyat olunub

14 oktyabr 2018 | 04:10

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikasının Dünya Görmə Günü münasibətilə oktyabrın 11-də Şəkidə başladığı humanitar aksiya başa çatıb. İki gün davam edən aksiya zamanı 200-dən çox vətəndaşın gözü müayinə olunub, eyni zamanda, 10 xəstə üzərində cərrahi əməliyyat icra edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzin yüksəkixtisaslı həkimləri tərəfindən aparılan müayinələr zamanı gözündə ciddi problem aşkarlanan və ya çətin əməliyyat tələb olunan pasiyentlərin Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılacaq.
Humanitar aksiyanın əhəmiyyətini yüksək qiymətləndirən Şəki şəhər sakini Şamama İbrahimxəlilova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “On ildən artıqdır ki, gözümdə problem var. Bakıya gedib yoxlatmaq istəyirdim. Yaxşı oldu ki, həkimlər özləri Şəkiyə gəldilər. Mənim kimi onlarla insanın əlavə xərc çəkərək, vaxt itirərək Bakı şəhərinin klinikalarına getmələrinə daha ehtiyac qalmadı. Həkimlər bizi çox səmimi qarşıladılar, diqqətlə müayinə etdilər. Qorxurdum ki, cərrahi əməliyyata ehtiyac olar. Həkimlər məsləhət görmədilər, eynək taxmağımı tövsiyə etdilər”.
Şəki sakini Yaşar Vahabov da 2002-ci ildən göz xəstəliyindən əziyyət çəkir. 2004-cü ildə Bakı şəhərində sağ gözündən əməliyyat olunub, gözünə linza qoyulub. “Görmə qabiliyyətim yenidən zəiflədiyi üçün həkimə müraciət etmək istəyirdim. Eşidəndə ki, Milli Oftalmologiya Mərkəzinin həkimləri Şəkiyə gələcək, çox sevindim. Həkimlərin hamısından çox razıyam. Məni yaxşı müayinə etdilər, qayğı göstərdilər. Müayinələrin nəticəsinə uyğun olaraq müalicəmi davam etdirəcəyəm”, - deyə Şəki sakini qeyd edib.
Müayinələrdə iştirak edən digər vətəndaşlar da onlar üçün yaradılan şəraitə görə aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi və gündən-günə artan bu cür tədbirlər dövlətimizin başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin Avtomobil Səyyar Klinikası mütəmadi olaraq respublikanın müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Eyni zamanda, 2018-ci ildə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı da fəaliyyətə başlayıb.
Bu humanitar aksiya ölkənin dəmir yolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək.

Keçidlər