Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin emal məntəqəsi indiyədək fermerlərdən 5392 ton yaşıl tütün kütləsi qəbul edib

27 oktyabr 2018 | 03:10

Şəki rayonunun təsərrüfatlarında tütün yığımı mütəşəkkil şəkildə davam edir. “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsi bu günədək fermerlərdən 5 min 392 ton yaşıl tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək bu emal məntəqəsində 546 ton quru tütün istehsal olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə emal məntəqəsinin müdiri İsrafil Səfərov məlumat verib.
Müəssisə rəhbərinin sözlərinə görə, hər gün məntəqəyə orta hesabla 55-60 ton yaşıl tütün kütləsi daxil olur. Məntəqədə olan 56 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir.
Cumakənd sakini, fermer Əbülfət Səfərov indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 569 ton yaşıl tütün təhvil verib. Həmin kənddən Həsən Səfərov isə hələlik emal məntəqəsinə 222 ton yaşıl tütün gətirib. Baş Göynük kəndindən olan fermer Abid Səfərəliyev indiyədək məntəqəyə 179 ton, Vüqar Məmmədov isə 158 ton yaşıl tütün kütləsi təhvil verib.
Məntəqə müdirinin sözlərinə görə, mövsümün sonunadək fermerlər tərəfindən emal müəssisəsinə daha 1000 tonadək yaşıl tütünün təhvil veriləcəyi gözlənilir.

Keçidlər