Şəkinin təhsil işçiləri Ulu Öndərin 90 illik yubileyini bayram əhvali-ruhiyyəsi ilə qeyd etmişlər
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində mayın 3-də Şəki şəhərindəki “Büllur” sarayda “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda yubiley tədbiri keçirilmişdir.
Şəhər icra hakimiyyəti və təhsil şöbəsinin birgə təşkil etdikləri tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov başda olmaqla şəhər rəhbərliyi, ziyalılar, rayonun qabaqcıl təhsil işçiləri, habelə 2012-2013-cü dərs ilində beynəlxalq və respublika səviyyəli olimpiada, yarış və müsabiqələrdə uğur qazanmış şagirdlər iştirak etmişlər.
Tədbiri şəhər təhsil şöbəsinin müdiri Südabər İsmayılova açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin, təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki. Ulu Öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları, sözün əsil mənasında, müasir pedaqoji fikir tariximizin incilərindəndir.
Tədbirdə Şəki təhsilinin uğurları barədə də danışılmış, 2012-2013-cü dərs ili başa çatmasa da, rayon məktəblilərindən artıq 33 nəfərinin beynəlxalq və respublika səviyyəli olimpiada, yarış və müsabiqələrdə medal və sertifikatlar qazandıqları diqqətə çatdırılmışdır.
Sonra olimpiada, yarış və müsabiqələrdə uğur qazanmış şagirdlər təntənəli surətdə tədbir iştirakçılarına təqdim olunmuş, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qalibləri təbrik etmişdir. Qaliblər müəllifi olduqları layihələr barədə məlumat vermişlər.
Şən musiqi sədaları altında davam edən tədbirin sonunda olimpiada və müsabiqə qaliblərinə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.