Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin daha bir kəndi qazlaşdırılıb

02 noyabr 2018 | 10:11

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində birlik tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində respublikanın qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Bu məqsədlə noyabrın 1-də Şəki rayonunun Baş Küngüt kəndinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 351 fərdi evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 34 min 700 metr olan müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda rayonunun Çayqaraqoyunlu kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikinti işləri başa çatdırılaraq təbii qazın verilişi təmin ediləcək.
İctimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər