Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlarda dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda regional konfrans keçirilib

06 noyabr 2018 | 11:11

Noyabrın 5-də Şəki şəhərində “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlarda dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda regional konfrans keçirilib.
Konfransdan əvvəl Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Şəki şəhərində “Marxal” müalicə-istirahət kompleksində keçirilən konfransda Dövlət İmtahan Mərkəzinin Şəki, Bərdə və Göyçay regional bölmələrinin əhatə etdiyi rayonların təhsil işçilərinin, bu regionlarda yerləşən ali təhsil müəssisələrinin rəhbərlərinin, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin nümayəndələrinin, imtahan rəhbərləri, nəzarətçi müəllimlər və KİV təmsilçilərinin iştirak edib.
Konfransda DİM-in fəaliyyəti, 2019-cu ildə keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri, Mərkəzin həyata keçirdiyi tələbə qəbulu, dövlət qulluğuna qəbul və digər kampaniyaların idarə olunmasında dövlət, ictimaiyyət nümayəndələrinin iştirakı haqqında məlumat verilib, imtahanların təşkili, imtahanlara cəlb edilən məsul şəxslərin, əlaqəli təşkilatların əməkdaşlığı, imtahanların texnologiyasında nəzərdə tutulan yeniliklər barədə ətraflı bəhs olunub.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, regional konfransın bu şəhərdə keçirilməsinin Şəki təhsilinə verilən yüksək qiymət olduğunu bildirib, tədbirin işinə uğurlar arzulayıb.
Konfransda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlarda dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda məruzə ilə çıxış edib.
Məleykə Abbaszadə bildirib ki, Dövlət İmtahan Mərkəzi fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib. Sədr qeyd edib ki, DİM-in keçirdiyi imtahanların məqsədləri və iştirakçıları bir-birindən fərqlənsə də, onların hamısını birləşdirən ümumi cəhətlər var. İmtahanların hamısının məzmun və standartları müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə elmi metodlar əsasında müəyyən olunur. İmtahanlar keçirilərkən yüksək təhlükəsizlik tədbirləri görülür, cavablar avtomatlaşdırılmış sistemlər vasitəsilə və ya müəyyən olunmuş meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilir.
İmtahan nəzarətçilərinin sertifikatlaşması məsələsi barədə məlumat verən Məleykə Abbaszadə deyib: “Dövlət İmtahan Mərkəzi milli sertifikat təqdim edən imtahanlar da keçirir. Əvvəllər imtahan nəzarətçiləri üçün müəllimlər təhsil sistemindən təqdim olunurdu. Onlar treninqlərdə iştirak etdikdən sonra bu prosesə qoşulurdular. Artıq imtahan nəzarətçisi qismində iştirak etmək istəyən hər bir şəxs quruma müraciət edə bilər. Onlar DİM-in təşkil etdiyi kurslara qatılaraq imtahan verib sertifikat almalıdırlar. Bundan sonra isə Mərkəzin keçirdiyi imtahanlarda iştirak edə bilərlər”.
Markerlərin sertifikatlaşması məsələsinə toxunan qurumun rəsmisi bildirib ki, imtahanlarda yazı işlərinin yoxlanması çox vacib mərhələdir və bu iş markerlər tərəfindən həyata keçirilir. “Yeni model bütün imtahanlarda yazı işləri var və bu işlərin yoxlanması üçün hər fənn üzrə ən azı 5 min müəllim lazımdır. Keçən il buraxılış imtahanlarının yazı işlərinin yoxlanılmasına cəlb olunan hər bir müəllim təxminən 600-800 manat maaş alıb. Təbii ki, onlar əmək haqqını yalnız imtahanların keçirildiyi aylarda alıblar. İmtahanlar çoxaldıqca belə müəllimlərə ehtiyac da artır. Ona görə də bütün pedaqoji ictimaiyyətin nümayəndələrinə müraciət edirik ki, Mərkəzin təşkil etdiyi kurslara yazılıb marker-müəllim kimi sertifikat əldə etsinlər”, - deyə Məleykə Abbaszadə bildirib.
Konfransda Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “İmtahanların təşkili və idarə olunmasında ictimai iştirakçılıq”, “Dövlət İmtahan Mərkəzinin elektron xidmətləri: əlçatanlıq, çeviklik və şəffaflıq”, “Azərbaycan Respublikasında ümumi təhsil (9-cu sinif) səviyyəsi üzrə buraxılış imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologiyası: şəffaflıq, obyektivlik və ictimaiyyətin rolu”, “Ali təhsilin müxtəlif səviyyələrinə qəbul imtahanlarının məzmununun hazırlanması və bu işdə ictimaiyyətin iştirakı”, “Dövlət elektron informasiya şöbəsinin məlumat bazalarının formalaşmasında ictimai iştirak”, “Dövlət qulluğu sahəsində Dövlət İmtahan Mərkəzinin fəaliyyəti” və digər mövzularda təqdimatlar edilib.
Çıxışlarda Mərkəz tərəfindən həyata keçirilən imtahanlar, imtahanların təşkili və idarəedilməsi məqsədi ilə aparılan hazırlıq işləri və fəaliyyət istiqamətləri, 2018-ci ildə keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi bütün elektron xidmətlər, buraxılış imtahanlarında yazı işlərinin yoxlanılması texnologiyasının üstünlükləri, imtahanlarda istifadə olunan materialların hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, dərsliklərin monitorinqi, elektron informasiya ehtiyatlarının yaradılması, dövlət qulluqçularının reyestri xidməti, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.
Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlara fəxri fərmanlar təqdim olunub.
Bu mövzuda növbəti konfranslar noyabrın 8-də Lənkəranda, noyabrın 13-də Naxçıvanda, noyabrın 17-də isə Bakıda keçiriləcək.

Keçidlər