Şəkidə yeni kənd tibb məntəqəsi istifadəyə verilib
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Şəki rayonunda sayca 18-ci layihənin icrası uğurla başa çatıb. Noyabrın 7-də rayonun İnçə kəndində “Tibb məntəqəsinin tikintisi” layihəsinin icrasının başa çatması münasibətilə mərasim keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori və xanımı Noriko Katori, şəhər rəhbərliyi, layihəni icra edən “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində İctimai Birliyin sədri Əlirza Məhərrəmov layihə barədə məlumat verib.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə şəhər icra hakimiyyəti arasında əməkdaşlığın 18 ildir uğurla davam etdiyini diqqətə çatdırıb. Bildirilib ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, ümumi dəyəri 1 milyon 530 min 549 ABŞ dolları olan 18 layihə reallaşıb. Bu layihələr məktəb tikintisi, uşaq bağçalarının təmiri, tibb, ekologiya, su təchizatı və digər sahələri əhatə edir.
Şəkiyə beşinci dəfədir səfər etdiyini diqqətə çatdıran səfir Teruyuki Katori bu qədim şəhərin tarixi-memarlıq abidələrinin, milli mətbəxinin onda çox böyük təəssürat oyatdığını bildirib. Səfir qeyd edib ki, Yaponiya hökumətinin dəstəyi ilə həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır.
Qeyd olunub ki, icrası yeni başa çatan bu layihə üzrə qrant müqaviləsi Yaponiya səfirliyi ilə “Şəki Ekologiya və Təhsil Mərkəzi” Gənclərin İctimai Birliyi arasında 2018-ci ilin martında imzalanıb. Layihənin məqsədi İnçə və ətraf kəndlərdə yaşayan 4 min sakinə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 90 min 692 ABŞ dolları təşkil edir.
Mərasimdə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov çıxış edərək, tibb ocağının tikintisinə göstərdiyi dəstəyə görə məntəqənin işçiləri və kənd sakinləri adından Yaponiya səfirinə və şəhər icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.