Şəkidə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə möhtəşəm bayram konserti keçirilmişdir
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində mayın 5-də Şəki şəhərində möhtəşəm bayram konserti keçirilmişdir.
Şəki Şəhər İcra hakimiyyətinin İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birgə təşkil etdiyi bayram konsertində şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, qonaqlar iştirak etmişdir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizdə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əldə olunan nailiyyətlərin, uğurların əsasının ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulduğunu, Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi, dünya birliyində özünəməxsus layiqli yer tutması, sürətli iqtisadi inkişaf yoluna qədəm qoymasının məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olduduğunu vurğulamış, yaşadığımız dövrün tarixə Heydər Əliyev epoxası kimi daxil olacağını bildirmişdir.
Sonra tanınmış incəsənət ustalarının çıxışları olmuşdur. Minlərlə şəhər sakininin iştirak etdiyi konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşmışdır.