Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”: Şimal bölgəsinin məktəbliləri qədim Şəkinin tarixi məkanları ilə tanış olublar

20 noyabr 2018 | 09:11

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən Quba, Qusar, Şabran, Xaçmaz və Xızı rayonlarının məktəblilərindən ibarət qruplar şimal-qərb bölgəsinə ekskursiyanın ikinci günü, noyabrın 19-da səhər saatlarında Şəki şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyanın iştirakçıları yeni istifadəyə verilən Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, bu bölgə gündən-günə inkişaf edən turizm iqtisadiyyatı, multikulturalizm ənənələri və qədim tarixi məkanları ilə tanınır. Son illər bölgənin rayonlarında, eləcə də Şəkidə kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın, tütünçülüyün, fındıqçılığın inkişafına böyük diqqət göstərilir. Tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İpəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən zəruri tədbirlər şimal-qərb bölgəsinin ən iri sənaye müəssisələrindən olan “Azəripək” MMC-nin fəaliyyətini əhəmiyyətli dərəcədə canlandırıb. Hazırda müəssisədə geniş yenidənqurma işləri həyata keçirilir.
Bildirilib ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına alınan 84 tarix və mədəniyyət abidəsi var. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, özünəxas sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. 2017-ci ildə Şəkiyə 200 minə yaxın turist gəlib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, Mərkəz bu il oktyabrın 29-da Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. Mərkəzdə rəsm və fotostudiyalar, elektron kitabxana, kompüter, rəqs, intellektual oyun dərnəkləri fəaliyyət göstərəcək.
Mərkəzlə tanışlıqdan sonra tur-aksiya iştirakçıları şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var.
Bildirilib ki, qoruğun dəyəri, həm də onun Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə tanınmış xadim məhz bu ərazidə doğulub, yaşayıb-yaradıblar. Hazırda bu şəxsiyyətlərin bir çoxunun qoruq ərazisində ev-muzeyləri fəaliyyət göstərir.
Qoruğun ərazisində yerləşən XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi – Şəki xanlarının sarayı ilə tanışlıq aksiya iştirakçılarında böyük maraq oyadıb. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə - 1761-1762-ci illərdə inşa edilən bu saray nadir tarix-memarlıq abidəsidir. Məktəblilər məşhur insanların bu sarayla bağlı fikirlərini böyük maraqla dinləyiblər. Şagirdlərə məlumat verilib ki, Şəkinin bənzərsiz mədəniyyət abidələrinə heyran qalan böyük türk şairi və yazıçısı Nazim Hikmət vaxtilə yazmışdı: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı belə, təkcə Şəki xanlarının sarayını dünyaya göstərmək bəs edərdi”.
Məktəblilər sarayın həyətində xatirə şəkilləri çəkdiriblər.
Qoruğun ərazisində yeni istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Burada keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir.
Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olublar. Qeyd edilib ki, hazırda burada Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərir.
Məktəblilər qoruğun ərazisindəki sənətkarlıq emalatxanalarına da baş çəkiblər.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Zaqatala rayonunun tarixi məkanları ilə tanış olacaqlar.

Keçidlər