Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə Şəkidə konfrans keçirilib
Noyabrın 21-də Şəkidə Azərbaycan ədliyyəsinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Şəki Məhkəmə Kompleksinin inzibati binasında keçirilən tədbirdə şəhər rəhbərliyi, Şəki rayonunda fəaliyyət göstərən məhkəmələrin sədrləri, hakimləri, ədliyyə qurumlarının rəhbərləri və əməkdaşları, ədliyyə orqanlarının veteranları iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan ədliyyəsinin 100 illik tarixini əks etdirən film nümayiş olunub.
Konfransı giriş sözü ilə Şəki Apellyasiya Məhkəməsinmin sədri Mübariz Əkbərov açıb. O, ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edərək, ulu öndər Heydər Əliyevin ədliyyə və məhkəmə orqanlarının inkişafında müstəsna xidmətlərini xatırladıb, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və ümummilli liderin hakimiyyətə gəlməsindən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması üçün əsaslı tədbirlər görüldüyünü qeyd edib. Natiq ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətinin artdığını diqqətə çatdıraraq, ədliyyə işçilərinin peşə bayramının təsis olunmasının Azərbaycan ədliyyəsinə göstərilən xüsusi xidmət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.
Konfransda Şəki regional ədliyyə idarəsinin rəisi Rəhman Məmmədov “Bir əsrlik şanlı tarix və müasir Azərbaycan ədliyyəsi” mövzusunda məruzə edib.
Konfransda çıxış edən Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafında yeni mərhələnin başlandığını, həyata keçirilən islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolunun daha da artdığını qeyd edib, Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə ölkə başçısı tərəfindən təltif olunan şəxsləri və bütün ədliyyə işçilərini yubiley münasibətilə təbrik edib.
Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov çıxışlarında ədliyyənin tarixindən, ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından söhbət açıblar.
Sonda ədliyyə orqanlarının bir qrup veteranına xatirə hədiyyələri təqdim olunub.