Şəkidə görkəmli kinorejissor Rasim Ocaqovun xatirəsi böyük məhəbbətlə anılıb
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illik yubileyi noyabrın 24-də onun doğulub boya-başa çatdığı Şəki şəhərində böyük məhəbbətlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər rəhbərliyi, sənətkarın ailə üzvləri və sənət dostları, yubiley tədbirinə dəvət olunan qonaqlar, respublikamızın tanınmış mədəniyyət və incəsənət xadimləri əvvəlcə Rasim Ocaqovun şəhərin “Güyümlər” dairəsi ərazisindəki barelyefi önünə əklil qoyub, gül dəstələri düzüb, kinorejissorun xatirəsini ehtiramla yad ediblər. 2008-ci ildə görkəmli kinorejissorun 75 illiyi münasibətilə qoyulmuş barelyefin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.
Sonra tədbir iştirakçıları Rasim Ocaqovun adı verilmiş Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin açılışında iştirak ediblər. Mərkəzin nəzdində fəaliyyət göstərəcək uşaq kino-foto studiyasının əsas məqsədi uşaqların bu yaradıcı sahəyə marağının artırılmasıdır. Binada, həmçinin musiqi, rəsm, xalq tətbiqi sənəti otaqları, rəqs və sərgi zalları yerləşir.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Zərinə Cavadova bu qədim diyarda görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun 85 illiyinin qeyd edilməsinin şəhərin mədəni həyatında çox əlamətdar bir hadisə olduğunu bildirib. Vurğulanıb ki, Şəki özünəməxsus mədəniyyəti, təkrarsız və bənzərsiz adət-ənənələri, xüsusiyyətləri ilə fərqlənən bir şəhərdir. Bu şəhərə şöhrət gətirən çox şey var - tarixi abidələr, zəngin mədəniyyət, tarixi-mədəni irs və ən başlıcası görkəmli şəxsiyyətlər. “Şəki deyəndə bizim yadımıza tanınmış sənət adamları düşür. Mirzə Fətəli Axundzadədən başlamış üzü bu yana onlarla sənət xadimi, söz dahisi olan insanlar Şəkinin bəzəyidirlər. Onların arasında bir nəfər də var - kinorejissor, operator, dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqov, yüksək mənəvi əxlaqi dəyərlərə malik olan səmimi bir insan. Mənə elə gəlir ki, Rasim Ocaqov qədər öz yerinə, öz yurduna bağlı olan, Şəkini ürəkdən sevən ikinci bir sənətkar tapa bilmərik. Rasim Ocaqov öz yaradıcılığında Şəkiyə və şəkililərə xas olan bütün cəhətləri ustalıqla tərənnüm və təsvir edib. Biz hər dəfə onun filmlərinə baxanda sanki yenidən özümüzü, Şəkini və şəkililəri tanıyırıq. Rasim Ocaqovun xatirəsi Şəkidə həmişə əziz tutulur”, - deyə Zərinə Cavadova bildirib.
Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov Şəkidə müasir üslubda yaradılan Uşaq-Gənclər İnkişaf Mərkəzinə Azərbaycanın görkəmli kino xadimi, kinematoqrafiya sahəsində böyük iz qoyan və onun inkişaf istiqamətlərini müəyyən edən bir şəxsin – Rasim Ocaqovun adının verilməsinin təhsil sahəsinin əməkdaşları üçün çox böyük fəxr olduğunu vurğulayıb. “Biz əminik ki, hazırda bu mərkəzdə gələcəyin rəssamları, fotoqrafları, rejissorları təhsil alırlar və onlar gələcəkdə Şəkini layiqincə təmsil edəcəklər”, - deyə o bildirib.
Tədbirdə Şəkinin musiqi kollektivləri konsert proqramı ilə çıxış ediblər.