Nərminə Həsənova: Rasim Ocaqovun nəvəsi olduğuma görə çox xoşbəxtəm
İki yaşımdan başlayaraq, bütün yayı babamla birlikdə Şəkidə keçirirdim. Bütün uşaqlığım babamın yanında olub. Mən o illəri çox yaxşı xatırlayıram. Xoşbəxt insanam ki, Rasim Ocaqov kimi babam olub və mən onun nəvəsiyəm.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Rasim Ocaqovun nəvəsi Nərminə Həsənova bu sözləri kinorejissorun anadan olmasının 85 illiyi münasibətilə Şəkidə keçirilən yubiley tədbirində jurnalistlərə müsahibəsində deyib.
Tədbirdə nümayiş olunan sənədli filmin, səslənən çıxışların uşaqlıq illərini ona bir daha xatırlatdığını vurğulayan N.Həsənova bildirib: “Babamın yubileyinə həsr olunan bu tədbirə Bakıdan xeyli qonaqlar, qohumlarımız, babamın dostları, tanınmış kino xadimləri təşrif buyurublar. Gözəl bir gün keçirdik. Bu sənət bayramını bizə yaşatdıqlarına görə yubiley gecəsinin bütün təşkilatçılarına ailəmiz adından minnətdarlığımı bildirirəm”.