Şriftin ölçüsü :

Saytın rəngi :

“Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib

05 dekabr 2018 | 10:12

Dekabrın 4-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində “Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan əvvəl tədbir iştirakçıları könüllülərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə ölkənin müxtəlif bölgələrini təmsil edən gənclərin rəsm və tikmələri, o cümlədən qədim şəbəkə sənəti üzrə nümunələr və tullantılardan hazırlanmış əsərlər təqdim edilib. Eksponatlar arasında, eyni zamanda, RİİB-in fiziki imkanları məhdud könüllülərinin əl işləri də yer alıb.
Konfrans “Regional İnkişaf” İctimai Birliyinin könüllülük fəaliyyətinə dair videoçarxın nümayiş etdirilməsi ilə başlayıb.
Tədbirdə RİİB-in könüllüləri qazandıqları təcrübə barədə fikirlərini bölüşüb, İctimai Birliyin yeni layihələrini təqdim ediblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təsis olunan “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr reallaşdırmaq, ictimai nəzarəti həyata keçirmək, ölkədə aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafına yönəlmiş tədbirlərə geniş dəstək göstərməkdir.
RİİB-in nümayəndəsi Cəmil Əliyev bildirib ki, hazırda təşkilatın fəaliyyəti bütün respublika ərazisini əhatə edir və onun 9 regional mərkəzi yaradılıb. İctimai Birliyin fəaliyyətində bölgələr üzrə 500-dək könüllü iştirak edir.
Konfransda Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərin könüllülük hərəkatının formalaşması və genişləndirilməsində rolu barədə çıxış edib. Bildirib ki, Gənclər Fondu və RİİB müxtəlif layihələr çərçivəsində tərəfdaşlıq edirlər. Heydər Əliyev Fondu ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə istər respublikamızda, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi humanitar, mədəni layihələrlə xalqımızın zəngin mədəni irsinin təbliğinə, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasına, ölkədə elm, təhsil və səhiyyənin inkişafına töhfələr verir. Bu mənada “Regional İnkişaf” İctimai Birliyi də regionlarda əhalinin sosial-iqtisadi problemlərinin həll olunmasında, onların bilik və bacarıqlarının artırılmasında, potensialının reallaşdırılmasında çoxsaylı layihələr həyata keçirib.
Qeyd olunub ki, könüllülük sərbəst seçim əsasında ictimai və cəmiyyət maraqları naminə təmənnasız fəaliyyətə xidmət edir. Bu fəaliyyətin hədəfi digər şəxslərin, icma və təşkilatların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib. Bununla belə, könüllülük fəaliyyəti müddətində könüllülər özləri də müəyyən bilik, təcrübə və bacarıq əldə edirlər. Bu sahədə fəaliyyəti nizamlayan qanunun qəbul edilməsindən ötən doqquz il ərzində ölkəmizdə bir sıra mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının uğurla keçirilməsində könüllülərin böyük xidməti olub.
Sonra RİİB-in fəaliyyətində aktiv iştirak edən könüllülər sertifikatlarla təltif olunublar.
Tədbirin sonunda “Regional İnkişaf” İctimai Birliyi könüllülərinin birinci ümumrespublika konfransı iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti oxunub. Müraciətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2016-cı ilin fevralında təsis edilən “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli layihələr reallaşdırmaq, dövlət tərəfindən aparılan islahatlar, o cümlədən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməkdir. Gənclərin intellektual və yaradıcılıq potensialının üzə çıxarılması və Vətən naminə səfərbər edilməsində könüllü fəaliyyətin rolu danılmazdır. “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri bundan sonra da öz fəaliyyətində humanizm, insansevərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq regionların sosial-iqtisadi inkişafı, Azərbaycanın tərəqqisi naminə böyük əzmlə çalışacaqlar.

Keçidlər