Şəkidə dairə seçki komissiyalarının iş şəraiti yaxşılaşdırılır
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində Şəkidə fəaliyyət göstərən iki seçki dairəsinin dairə seçki komissiyaları üçün yeni inzibati binalar tikilib istifadəyə verilmişdir.
113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələri dairə seçki komissiyalarının yeni inzibati binalarının açılış mərasimində çıxış edənlər seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılmasının seçkilərin demokratik və şəffaf keçirilməsini təmin edən başlıca amillərdən biri olduğunu bildirmiş, komissiya üzvlərinə növbəti seçki kampaniyalarında uğurlar arzulamışlar.
Rəmzi lent kəsildikdən sonra yeni binalara baxış olmuşdur. Hər birinin sahəsi 190 kvadratmetr olan yeni inzibati binalar 6 otaq və iclas zalından ibarətdir. Binalarda komissiya üzvlərinin normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmış, otaqlar müasir texniki avadanlıq və inventarla təchiz olunmuşdur.
Açılış mərasimində şəhər rəhbərliyi, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, seçicilər və digər qonaqlar iştirak etmişlər.