Şəki şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
Xalqımız ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümünü böyük hörmət və ehtiramla yad edir. Ulu Öndərin ömrü qəhrəmanlıq, Vətənə və xalqa sədaqətlə xidmət nümunəsidir. Varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən bu böyük insan bütün şüurlu həyatını öz xalqına həsr edib, yolumuz önündə işıq saçan məşələ çevrilib. Heydər Əliyev Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Heydər Əliyev aramızdan getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə yaşayır.
Bu fikirlər Ulu Öndərin vəfatının on beşinci ildönümü ilə əlaqədar Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən anım tədbirində səsləndirilib.
Toplantı iştirakçıları əvvəlcə Mərkəzdə Ulu Öndərə həsr olunan ekspozisiya ilə tanış olublar. Bildirilib ki, orijinal layihə əsasında yeni tikilən və bu il oktyabrın 29-da istifadəyə verilən Heydər Əliyev Mərkəzi Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Mərkəzdə Ulu Öndərin mənalı həyatı və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb.
İctimaiyyət nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilən toplantıda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Ümummilli Liderin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, xalqımızın bu günü və gələcəyi naminə gördüyü nəhəng işlər Ulu Öndərə qəlblərdə əbədi yaşamaq səadəti qazandırıb. Dahi rəhbərin xalqla bağlı ömrünün əbədiyyətə qovuşduğu andan on beş il vaxt keçsə də, ötən hər bir gün bu tarixi şəxsiyyəti xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
Anım tədbiri Ulu Öndərə həsr olunan musiqili-bədii proqramla başa çatıb.